AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda evlər bahalaşacaq - Qiymət artımı nə qədər olacaq?

  • + A
  • - A
  • 9-08-2021, 12:24


    Azərbaycanda 2021-ci ilin birinci yarısının yekunlarına görə tikinti sektoruna ayrılan investisiyaların həcmi 8,4 faiz azalıb və 1 184 600 000 manat olub. Bu, əsas kapitala yönəldilən vəsaitlərin 20 faizini təşkil edib.

    İqtisadiyyata qoyulan sərmayələrdən mənzil tikintisinə isə 469 milyon manat yönləndirilib və bu da öz növbəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz azdır.

    Ölkəmizdə tikintinin ÜDM-dəki payı da illik müqayisədə 1,1 faiz azalıb və 2 042 100 000 manat olub. Bütün bu rəqəmlər tikinti sektorunda müəyyən qədər durğunluğun olduğuna işarət edir.

    Azərbaycanda konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Oxu.Az-a mövcud statistikanın mənzil və fərdi evlərin qiymətində hansı dəyişikliklərə gətirib çıxaracağını dəyərləndirib.

    O bildirib ki, ölkədə artıq tikinti materiallarının gözlə görünün dərəcədə bahalaşdığını müşahidə edirik və bu, iki il ərzində daşınmaz əmlak bazarındakı qiymətlərə də təsir edəcək:

    “Qiymət artımını labüd edən bir-neçə səbəb var. İlk növbədə həyat özü bahalaşır. Bu son bir ildə, xüsusilə də bir-neçə ay ərzində açıq-aşkar özünü büruzə verir. İnsanlar çox zaman evi satır ki, öz problemini həll etsin, lakin artıq problemin özü də bahalaşıb. Buna görə də yaxın gələcəkdə insanlar çalışacaqlar ki, evlərini baha satsınlar. Digər əhəmiyyətli məsələ isə tikinti materialları və əmək qüvvəsinin də dəyərinin artmasıdır. Tikinti materialları son bir ildə demək olar ki, 20 faizə qədər bahalaşıb, eləcə də əmək qüvvəsinin dəyəri də ona paralel olaraq artıb. Nəticədə tikintinin maya dəyəri artıb”.

    Nüsrət İbrahimov əlavə edib ki, son iki il ərzində tikintinin həcmində azalmalar da qiymət artımına səbəb olacaq meyarlar arasındadır:

    “Tikinticə bu azalma özünü növbəti illərdə büruzə verəcək. Nəzərə almaq lazımdır ki, əhalinin sayı və mənzilə tələbat artır, təklif isə azalır. Bu isə son nəticədə tikintidə qiymətlərin artmasına gətirib çıxaracaq. Lakin, bu qısa deyil, uzun müddətdə baş verəcək. Qiymət artımı ikirəqəmli olacaq və növbəti 2-3 il ərzində 10 faiz və ya daha çox artımla üzləşəcəyik. İnsanlar artımı dərhal qəbul etmirlər, tədricən uyğunlaşma gedir, yaxın gələcəkdə bu bahalaşma qaçılmaz olur”.

    Onun sözlərinə görə, hazırda əsas tikinti materiallarının qiymətləri də artıb:

    “Taxta, daş, dəmir və izolyasiya məhsulları, dam örtükləri, şüşə və s. digər əsas tikinti məhsulları bahalaşıb. Əvvəl daha çox tikinti məhsulu idxal edirdiksə, hazırda idxal və istehsalatda balans yaranıb. Biz taxta məhsullarının böyük əksəriyyətini, dəmir məhsullarının isə təxminən 60 faizini idxal edirik, lakin qalan bir çox məhsulu özümüz istehsal edirik”.

    Qeyd edək ki, ölkəmizdə tikinti materiallarının istehsalında artım müşahidə olunur. Belə ki, 2021-ci ilin yarısının yekunlarına əsəsən tikinti materiallarının istehsalı 40,2 faiz artıb və bu dövrdə emal sənayesində 374 400 000 manatlıq tikinti malları istehsal edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR