AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL

  • + A
  • - A
  • 9-09-2021, 15:00


    İqtisadiyyatda bərpa prosesi ilə yanaşı, istehlak bazarında bahalaşmanın davam etməsi xüsusi diqqət və izahat tələb edir. Çünki bir var, iqtisadi canlanmanın təsiri nəticəsində yaranan, başqa sözlə desəm, iqtisadi aktivliyin arxasında gələn bahalaşma, bir də var, mövcud iqtisadi canlanma üçün buxova çevrilə bilən, yəni iqtisadi aktivliyin qabağında gedən bahalaşma. Ölkədəki real bahalaşma təəssüf ki, sonuncudandır.
    Hökumətin cari ilə dair infliyasiya proqnozu 4 faiz ətrafındadır və israrla vurğulanır ki, bu, özünü doğruldacaq. İstehlak qiymətlərinin real artım səviyyəsi isə belə deməyə əsas vermir. İlin ilk 7 ayının nəticəsinə görə ölkədə istehlak qiymətlər indeksi 4,5 faiz təşkil edib. Artıq payız mövsümü yetişdiyindən tələbin bir az da artacağını nəzərə alsaq, rəqəmin daha çox yüksələcəyi gözlənilir.

    Bəs, buna səbəb nədir? Ümumiyyətlə, qiymətlərin yüksəlməsinin qarşısını necə almaq olar? Bahalaşmadan sığortalanmaq üçün hansı tədbirlər görülməlidir?

    Ölkədə bahalaşmanın əsas hərəkətverici qüvvəsi xidmət və ərzaq məhsullarıdır. Bunu Mərkəzi Bank (AMB) da təsdiq edir. Belə ki, ilin əvvəlindən bəri xüsusən, ərzağın qiymətinin yüksəlməsi ümumi inflyasiya həddinin formalaşmasında başlıca rol oynayır ki, qeyri-ərzaq və xidmətlərin qiymət artımının buna təsiri demək olar, hər ay artan tendensiya üzrə inkişaf edir. Cari ilin iyununda illik ərzaq inflyasiyası 5,3 faiz olub və qeyri-ərzaq məhsulları, xidmətlər üzrə isə illik bahalaşma templəri müvafiq olaraq, 4,6 və 4 faiz təşkil edib.

    İstehlak səbətinə daxil 520 adda mal və xidmətdən 245-nin və ya 47 faizinin qiyməti illik olaraq 0-4 faiz aralığında artıb. Bahalaşma dalğası qeyd olunan rəqəmləri getdikcə şişdirir ki, bu da, ümumi inflyasiya rəqəmini artırmaqda davam edir.

    Ölkədə mövcud bahalaşmanın iqtisadi aktivlik dərəcəsindən qabaqda getdiyini təsdiqləyən həm də bunun ilin əvvəlindən başlaması faktorudur. Xatırladıram ki, iqtisadiyyat may ayında pandemiyanın təsir və təzyiqindən çıxaraq, bərpa olunmağa başlayıb. May ərzində qiymətlərin artım sürəti daha yüksək tempdə oldu ki, bu, tənəzzülün qarşısının alınması və yaxud səngiməsi ilə üst-üstə düşdüyündən, işgüzar fəallığın dirçəlməsi ilə əlaqədar baş verdiyi təəsüratı yarandı. Ancaq belə deyildi.

    Bahalaşma yanvardan başlayıb. Və bunun da iki səbəbi var idi. Birincisi, ən çox işlənilən enerjidaşıyıcısı olan “Aİ-92” benzin ilə dizel yanacağının yanvardan bahalaşması və fevralın 1-dən də suyun tarifinin artırılması; ikincisi isə ilin əvvəlindən dünya üzrə də eyni tendensiyanın start götürməsi.

    Hazırda bütövlükdə dünya iqtisadiyyatında da bərpa meyilləri müşahidə olunur. Ancaq pandemiya şəraiti hələ tam sovuşmayıb. Odur ki, yenə məhdudiyyətlərin tədbiq olunacağı ehtimalı var. Və bu qorxu hissi və risk vəziyyəti də bərpa prosesinə kövrək xarakter qazandırır. Bunu bir sıra strateji məhsulların dünya bazar qiymətlərinin aşağı və yuxarıya doğru oynaması faktoru da təsdiqləyir.

    Buradan hansı nəticələr çıxır? Ölkəmizdəki bahalaşma həm daxili, həm də xarici səbəblərlə əlaqədardır. Başqa sözlə desəm, Azərbaycanda istehsal xərclərinin artması yerli məhsulların bahalaşmasında əsas rol oynayır. Tənzimlənən məhsulların - yanacağın və suyun qiymətlərinin artırılması istehsalın maya dəyərini yüksəldib. Üstəlik, qaz tariflərinə də iyulun 1-dən dəyişiklik edilib, elektrik enerjisinə də baxılacağı gözlənilir. Bu gözləntilərin yaratdığı risklər istehsal olunan məhsulların maya dəyərinə mərhələli şəkildə oturmaqda davam edir. Özü də, enerji daşıyıcılarının tarif dəyişiklikləri istehsal dəyərinə birinci dəfədən deyil, mərhələlərlə bütün il boyu ərzində daxil olur.

    İnflyasiyanı sürətləndirən daha bir amil isə istehlak xərclərinin artması, yəni tələbin yüksəlməsi faktorudur. Məsələn, kütləvi tədbir və şənliklərə qoyulan məhdudiyyət aradan qaldırıldıqdan sonra xeyli növdə və sayda ərzaq, o cümlədən, qeyri-ərzaq məhsullarına tələbat artıb. İstehlak tələbini artıran digər səbəblər də var ki, bunları qoyuram kənara. Pandemiyadan dərhal sonra isə nə yerli istehsal, nə də idxal imkanları bu tələbi qarşılayacaq səviyyədə deyil. İdxal inflyasiyası belə yaranır. Buna görə də, qiymətlər istər-istəməz artır.

    Sözün qısası, bu gün bazarda baş verən təbii bahalaşmadır. Hökumət bunun qarşısını inzibati yolla ala bilməz. Bu cür cəhdlər iqtisadiyyatı, sahibkarları ciddi problemlərlə üzləşdirə bilər. Ona görə də, bahalaşmadan sığortalanmaq üçün yalnız əhalinin gəlirləri artırılmalı və bundan ötrü müvafiq addımlar atılmalıdır. Əməkhaqları, pensiya, sosial müavinət və ödənişlər yüksəldilməlidir. Başqa çıxış yolu yoxdur.
    Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
    Pərviz Heydərov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR