Payızın ikinci ayında ölkədə meyvə və tərəvəz məhsullarının qiyməti kəskin bahalaşıb. Paytaxtı bu məhsullarla təmin edən “Meyvəli” topdansatış ticarət mərkəzində apardığımız müşahidələr göstərir ki, avqust- sentyabr ayları ilə müqayisədə əksər məhsulların qiyməti xeyli yüksəlib.
Məsələn, ötən ay Xaçmaz rayonundan gətirilən pomidor 30-32 kiloqramlıq yeşikdə 15-16 manata təklif olunurdusa, hazırda bu rəqəm 40-45 manata qalxıb – təqribən 3 dəfə bahalaşma. Bir neçə həftə öncə 10 kiloqramlıq kisəsi 3-4 manata satına xiyar isə hazırda 11-12 manata təklif edilir. Lobya 1.8-2 manat, kartof, 60-90 qəpik, soğan 35-50 qəpik, kələm 80-90 qəpik, yerkökü 1.2-1.5 manat, çuğundur 1 manat, şirin bibər 80, acı bibər 60 qəpik, sarımsaq 3.50-5 manata satılır. Nəzərə alsaq ki, bu ticarət mərkəzində göstərilən qiymətlər ancaq topdansatış üçündür. Burada alıcılara kiloqramla mal nadir hallarda satılır.
Meyvələrdən nektarin, alma, üzüm mandarin, portağalın qiymətində yüksəliş var. Mövsümü yeni başlayan narın müxtəlif sortlarını isə 80 qəpikdən 3 manata qədər almaq mümkündür. Qeyd edək ki, bəzi istisnalarla bu qiymətlər Dövlət Statistika Komitəsinin açıqladığı aylıq qiymətlərlə uyğun gəlir.
Qusar rayonundan bazara tərəvəz gətirən Xudukərim Şahverdiyev deyir ki, qiymətlər məsulların qıtlaşmasına görə bahalaşıb. Onun sözlərinə görə, bostanlarda, bağlarda artıq meyvə-tərəvəz qalmayıb: “Biz axırını yığıb-yığışdırıb gətiririk. Son günlər yağışlar da camaata imkan vermədi ki, bostanını yığsın, çox adamınkı zay oldu”.
Xaçmazdan pomidor gətirən Şirin Eyvazov da onunla həmfikirdir, dediyinə görə, kəndlinin əlində satlıq məhsul qalmayıb: “Bundan sonra gətiriləcək məhsullar iri təsərrüfatlardan olacaq. Parniklərdən, saxlama kameralarından bazarlara məhsullar daşınacaq. O zaman qiymət indikindən daha baha olacaq”.
Arabaya 2 kisə kartof, bir yeşik pomidor, kələm, kök, göyərti yükləmiş alıcı Elxan Hacıyev deyir ki, şəhərdə kiçik meyvə-tərəvəz dükanı var: “Günaşırı bazara gəlib alıram, sonra məhəllədə camaata satıram. Əvvəl daha çox ala bilirdim, qiymətlər yaxşı idi, indi bahalıqıdr. Camaat alıb yeyə bilmir, ilin günün bu vaxtı kilosu 3 manata kimdir pomidor alan?!” E. Hacıyev deyir ki, aldığı məhsulun üzərində 35-40 faiz qiymət qoymağa məcburdur: “Bax bu kisəni (əli ilə arabadakı kartofu göstərir – müəllif.) 45 manata almışam, amma açıb tökürsən, bir hissəsi zay çıxır, əlimdə qalır, sata bilmirəm. Alıcıya deyə bilmərəm ki, necə var, elə də al…”
Son iki ayda ərzaq məhsullarının qiymətində də dəyişiklik var. Ötən ilin avqustunda 1 litri orta hesabla 2 manat 90 qəpiyə satılan günəbaxan yağı bu ilin avqustunda 4 manat 20 qəpiyə satılıb. Bahalaşma səviyyəsi 1 manat 30 qəpik və ya 45%-ə yaxındır. Xaricdən gətirilən günəbaxan yağı 42%, yerli günəbaxan yağı isə 51% bahalaşıb. Yerli qarğıdalı yağının qiymətində 36,5% və ya 1 manat 44 qəpik artım qeydə alınıb. Kəsmik 22%, şor 15%-ə yaxın bahalaşıb.
İqtisadçı Nemət Əliyev Pressklub.az-a bildirib ki, qida rasionunda tez-tez istifadə olunan ərzaqların bahalaşma səviyyəsi adamı heyrətləndirir: “Bu ilin sentyabr və oktyabr aylarında da qiymətlər artıb. Müqayisə olunan dövrdə orta aylıq əməkhaqqı vur-tut 1,8%, adambaşına düşən əhali gəlirləri isə cəmi-cümlətanı 0,7% çoxalıb. Cüzi əməkhaqqı, pensiya, sosial müavinət artımlarının bütünlüklə böyük bahalaşmanın yeminə çevrilməsi, əhalinin əlindəki ehtiyatların sürətlə əriməsi açıq şəkildə ortadadır və bunu gizlətmək mümkün deyil”.
İqtisadçının sözlərinə görə, dünyanın ən bahalı şəhərlərində bu dərəcədə bahalaşma yaşanmaz, yaşansa belə, bahalaşma ilə əhali gəlirləri arasında bu böyüklükdə fərq əmələ gəlməsinə imkan verilməz. “Nə normal hökumətlər, nə də xalqlar buna dözər. Odur ki, əhali gəlirləri ilə bahlaşma səviyyəsi arasındakı fərqin 2-cinin xeyrinə bu qədər böyüməsi ilk növbədə hökuməti düşündürməli və onu bahalaşmaya rəvac verən addımlar atmaqdan çəkindirməlidir. Görünən budur ki, bahalaşmanın geriyə dönüşü olmayacaq. Belə şəraitdə tək ümid əməkhaqları, pensiya və müavinətlərin təsirli dərəcədə artırılmasına, rəqabət qabiliyyətli yeni iş yerlərinin yaradılmasınadır ki, bunun da hələ səsi-sorağı eşidilmir”, -N. Əliyev vurğulayıb. //PRESSKLUB.AZ//