Şəhid gizir Elvin Əfrail oğlu Əzizovun anım mərasimi təşkil edilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 16 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Qarğalıq kəndində 44 günlük Vətən müharibəsinin şəhid giziri Elvin Əzizovun anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.
Masallı rayonunun icra başçısı cənab Ş.Məmmədov geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri olan Elvinin qəhrəmanlıq yolundan söhbət açaraq qeyd edib ki, o, təkcə Əfrailin oğlu yox, indi bütöv Azərbaycanın, bütün dünya azərbaycanlılarının, hamının övladıdır. Elvinlər bizə əyilən vüqarımızı, qürurumuzu qaytardılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…
Elvin Əfrail oğlu Əzizov 25 mart 1986-cı ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub.
1992-2003-cü illərdə şəhid Ədalət Vəliyev adına Qarğalıq kənd tam orta məktəbində təhsil almışdır.
2004-cü ilin aprel ayında həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirmişdir.
2005-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətini başa vurmuşdur.
2009-cu ildə gizir kursunu bitirəndən sonra hərbi xidmətini MAXE kimi davam etdirmişdir.
Müdafiə Nazirliyinin 7 mart 2011-ci il tarixli müvafiq əmrinə əsasən "N" saylı hərbi hissədə tank komandiri vəzifəsini yerinə yetirmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, Azərbaycan Ordusunun giziri Elvin Əzizov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli rayonu ərazisində gedən qızğın döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək 15 oktyabr 2020-ci il tarixi günü şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid gizir Elvin Əzizov 16 oktyabr 2020-ci il tarixdə doğulduğu Qarğalıq kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılmışdır.
Ailəli idi.
Elvindən üç övladı-iki qızı və bir oğlu yadigar qalıb...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 və 25 dekabr 2020-ci iul tarixli sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
Şəhid gizir Elvin Əfrail oğlu Əzizovun ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildirib.
Ülkər Piriyeva