AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan sərhəddə gərginliyi artırıb, masada nə qazanmaq istəyir - Düşmən AQONİYADA

  • + A
  • - A
  • 16-11-2021, 08:39


    Ermənistan sərhəddə gərginliyi artırıb, masada nə qazanmaq istəyir - Düşmən AQONİYADA

    Son günlər Ermənistan Qarabağın dağlıq hissəsində, Şuşa yaxınlığında, o cümlədən Laçın və Kəlbəcərdə ard-arda terror aktları, müxtəlif təxribatlar törədərək, vəziyyəti qarşıdurma həddinə çatdırmağa, Azərbaycanı provokasiya etməyə çalışır.

    Elə bu yazını hazırladığımız zaman Müdafiə Nazirliyimiz Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində növbəti təxribat törətdiyi barədə rəsmi xəbər açıqladı. Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq, Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla, müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb.

    Bundan əlavə, bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd “KamAZ” markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub. Texnikaya zərər dəysə də, şəxsi heyət arasında xəsarət alan olmayıb. Müdafiə Nazirliyi vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

    “Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”, Nazirlik xəbərdarlıq olaraq əlavə edib.

    İrəvan isə çox narahatdır. Baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırıb və Azərbaycan Ordusunun guya Ermənistan ərazisinə daxil olduğunu iddia edib. İclasda məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı ilə müdafiə naziri Arşak Karapetyan vəzifəsindən azad edilib. Prezident Armen Sərkisyan bu barədə fərman imzalayıb. Prezidentin mətbuat xidməti həmin vəzifəyə baş nazirin müavini Suren Papikyanın təyin edildiyini bildirib. Hansı ki, Karapetyan cəmi bir neçə ay əvvəl bu vəzifəyə təyin edilmişdi. Onun qanunsuz olaraq Xankəndinə gəlməsi və sərhəd bölgəsindəki erməni ordusuna baş çəkərkən aqressiv tövr nümayiş etdirməsindən sonra təxribatların miqyası xeyli genişləndi. Əvəzində Azərbaycan Ordusu mühüm əhəmiyyətə malik mövqelərdə möhkəmləndi. Görünür, Paşinyan cəmiyyətin etirazlarını səngitmək üçün nazirini qurban verməli olub. O da istisna deyil ki, Karapetyana etimadsızlıq bu qərarın verilməsinə təsir göstərib. Suren Papikyan isə Paşinyanın ən yaxın adamlarından hesab edilir.

    Qeyd edək ki, bir neçə gün əvvəl məhz Karapetyanın göstərişi ilə Ermənistan ordusu 60 nəfərlik şəxsi heyətlə Azərbaycanla dövlət sərhədinin Laçın istiqamətində irəliləməyə cəhd göstəmiş, ancaq tərk-silah edilmişdilər. Yalnız Rusiyanın müdaxiləsi və xahişindən sonra əsirlər sərbəst buraxılmışdı. Beləliklə, Karapetyanın əmri ilə Azərbaycan Ordusunun mövqelərinin təminat yollarını kəsməyə cəhd göstərən erməni ordusu oturduğu budağı kəsmiş oldu. Bunun ardınca əsgərlərimiz sərhəd boyunca digər strateji mövqelərdə erməniləri geri oturtdular.

    Paşinyan hakimiyyətə gələndən bəri artıq 4-cü müdafiə nazirini təyin edir. Onlardan 3-ü kapitulyasiya aktından sonra təyin edilib. Karapetyan son həftələr yalnız təxribatçı addımlar atmaqla məşğul idi. Azərbaycan ərazilərinə qanunsuz səfər, Qaragöl ətrafında təxribatı, mövqelərimizin atəşə tutulması və s. davranışları əndazəni aşırdı. Sonuncu dəfə Azərbaycan MN ayın 10-da sərt xəbərdarlıq etdi ki, buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaq.

    Belə aydın olur ki, Azərbaycan tərəfinin sərt və təsirli addımlarını hiss edən Ermənistan rəhbərliyi təxribatlara əl atan naziri dəyişmək məcburiyyətində qalıb. Deməli, Ermənistanda gündəmi əvvəlki tək Azərbaycan müəyyən edir...

    Əgər yeni nazirin sələfinin səhvlərindən nəticə çıxarmasa, Paşinyan və Ermənistan daha çıxılmaz duruma düşəcək, çünki Azərbaycanın davranışı daha sərt olacaq...

    Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan noyabrın 15-dən etibarən Qafan-Çakaten yolunda gömrük məntəqəsi yaradacaq. “Noyabrın 15-də saat 00:00-da Azərbaycan tərəfi sərhəd-gömrük nəzarətinin həyata keçirilməsi üçün Qafan-Çakaten yolunun nəzarəti altında olan hissəsində nəzarət-buraxılış məntəqəsi quracaq”, - məlumatda deyilir. Qeyd olunur ki, Ermənistan tərəfi güzgü prinsipinə əsasən həmçinin sərhəd və gömrük nəzarəti məntəqələri yaradacaq. Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Qorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonunun Eyvazlı və Çaysəmi kəndlərindən keçən hissəsində gömrük və sərhəd nəzarəti tətbiq edib.

    Göründüyü kimi, proseslər Ermənistanın əleyhinə cərəyan edir və hər təxribatın qarşılığında Azərbaycan öz məqsədinə çatmaqla bağlı mühüm nəticələr əldə edir. Ancaq qəribə vəziyyət yaranıb, Ermənistan uduzduğunu bildiyi halda, islah olunmur. İstər Daşaltıda Azərbaycan və Rusiya hərbçilərinin birgə xidmət apardıqları postda qumbara atılması, istər Laçındakı təxribat, istərsə də başqaları olsun, bundan öncəki təxribatları da üstünə gələk, bunlar provokasiya elementləri ilə zəngindir. Bu təxribatlar sonda hərbi əməliyyatların bərpasına aparıb çıxarır. Rəsmi Bakı isə Ermənistanın Qarabağ və ətraf bölgələrdə son 1 həftədəki təxribatlarına təmkin göstərir. Çünki ortada daha böyük hədəf və uduş var. Ermənilər anlayırlar ki, dalana dirəniblər. Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu isə Ermənistanın Azərbaycan və Türkiyə qarşısında tam məğlubiyyəti, geri çəkilməsi deməkdir. O dəhliz açıldıqdan sonra bölgədə sülh yaranacaq. Bu sülhü də bu gün kim istəmir, hansı qüvvələrə sərf etmir, bunu araşdırmaq, göstərmək lazım. Artıq ermənilər Zəngəzur dəhlizinə alternativlər təklif edirlər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan son açıqlamasında buna toxunub.

    Sanki Ermənistan hərbi əməliyyatların başlamasını istəyir. Onlar Azərbaycan Ordusunun antiterror və yaxud lokal əməliyyatlar keçirməsində maraqlı ola bilərmi? Ola bilərmi ki, Ermənistan öz vətəndaşlarını, hərbçilərini qırğına verib, dünyadan dəstək qazanmaq istəyir?

    Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında ermənilərin bütün cəhdlərinin iflasa uğrayacağına əminliyini ifadə etdi: “Hesab edirəm qarşısına hansı məqsədi qoymasından asılı olmayaraq, Ermənistanın bütün cəhdləri fiaskoya uğrayacaq. Ermənistan heç nəyə nail ola bilməyəcək. Zəngəzur dəhlizinin açılması artıq Ermənistanın iradəsindən kənarda həyata keçiriləcək. Bu prosesdən ən çox əziyyət çəkən də məhz Ermənistan olacaq. Ermənistan anlamalıdır ki, onun başqa yolu yoxdur”. Millət vəkili hesab edir ki, ermənilər təxribatlar törətməklə özünün düşdüyü ağır vəziyyəti daha da dərinləşdirir: “Ermənistan müharibə etmək iqtidarında deyil. Heç bir kənar qüvvə də onu düşdüyü ağır durumdan çıxara bilməyəcək. Nə qədər gec deyil, reallığı dərk etməli, yanlış qərar və yoldan çəkinməlidir. 30 il düşmənçiliyin və nifrətin təbliğindən Ermənistan nə əldə etdi? Bütün regional layihələrdən təcrid olundu. Halbuki imkan var idi ki, bu layihələrdən yararlansın, iqtisadiyyatını gücləndirsin, Ermənistan xalqı daha yaxşı yaşamaq imkanı əldə etsin”.

    C.Məmmədov hesab edir ki, erməni təxribatlarının cavabı çox sərt olmalıdır: “Azərbaycanın tam haqqı var ki, kəskin reaksiya versin. Sərt reaksiya vermədikcə Ermənistan tərəfi daha da radikallaşır”.

    Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə fərqli düşünür: “Kimin nə deməsindən və yazmasından asılı olmayaraq, mənim baş verənlərlə bağlı çox sadə və çox aydın yanaşmam var. Ermənistan sifariş yerinə yetirir və bu haqda ona tapşırıq ən azından iki bəlli ünvan(lar)dan verilib. Rəsmi Paris və Moskva, həmçinin rəsmi Vaşinqton onlara çox vacib tapşırıq verib. Ermənistan var gücü ilə vəziyyəti qarışdırmalı, qarşıdurma yaradılmalı və ölü vəziyyətdə olan ATƏT-in bədnam Minsk Qrupu dövriyyəyə girməlidir. O halda yenə də mənasız danışıqlar, yenə mənasız müzakirələr... Vaxt udub, özləri və havadarları vasitəsilə Ermənistanı hərbi-siyasi müstəvidə gücləndirmək və yaxın illərdə bölgəni qan canağına çevirmək arzu və istəkləridir təxribatların səbəbi. Sözsüz ki, bunu reallaşdırmaq onlara çox çətin olacaq, amma görünən odur ki, beynəlxalq güclər bölgədəki maraqları naminə Ermənistanın xain və xəyanətkar siyasətindən yararlanmaq istəyindədirlər”. Polkovnik digər məqamdan da bəhs etdi: “Bölgədəki ”sülhməramlılar"ın son davaranışları da onu deməyə əsas verir ki, biz bəzi məsələlərdə həddən çox bəzi dövlətlərə inanmışıq və bəzi yanlışlıqlara yol vermişik. O səhvləri düzəltmək bizə elə də çətin deyil. O yaramaz terrorçu Mirzoyanı nümayişkaranə törətdiyi cinayətin müqabilində Ermənistana qaytarmaları özü də çox mətləblərdən xəbər verir. Deməli, Rusiya terroru və terrorçunu dəstəkləyəcəyini bütün dünyaya bəyan etdi".

    Ü.Cəfərov hesab edir ki, yaxın vaxtlarda vəziyyəti gərginləşdirmək üçün Ermənistan daha artıq güc tətbiq edəcək: “Ordumuz, Silahlı Qüvvələrimiz ayıq-sayıq olmalıdırlar. Təxribatların, atışmaların sayı artacaq. Ona görə də imkan düşdükcə biz ağıllı və düşünülmüş qərarlar verməliyik. Düşmən və ona hələ də havadarlıq edənlər bəzi fürsətləri gözləyirlər. Biz maksimum çalışmalıyıq ki, birinci növbədə əsgər və zabitlərimizi qoruyaq və qabaqlayıcı tədbirlər görək”.

    İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı baş verənləri təsadüfi saymır: “Görünən odur ki, Ermənistan bölgədə yaranan vəziyyətin öz maraqlarına və siyasətinə uyğunlaşdırmaq istəyir və gərginliyin artması və atəşkəsin pozulması ilə münaqişənin hələ bitmədiyi görüntüsünü yaradır. Rusiya üçün də gərginliyin olması onun siyasətinə uyğundur. Zəngəzur dəhlizi ilə bağlı qərarın verilməsi ilə bağlı son mərhələnin yaxınlaşdığını və bundan qaçmağın mümkün olmadığını hiss edən qüvvələr, sadəcə olaraq, cığallıq edirlər. Zəngəzur dəhlizinə real alternativ yoxdur, onu çox müzakirə edib nəticəyə gəlinmişdir ki, bu dəhliz açılmalıdır. Buna mane olmaq siyasəti başqa məqamlara yönəlib. Ermənilər Qarabağın Azərbaycanın tərkibində qalmaması üçün hərbi-siyasi və hətta terrorçuluq fəaliyyətini genişləndirəcəklər. Bu provokasiyanı Zəngəzurla bağlı edirlər”.

    Yaranmış vəziyyətdə yağışdan sonrakı göbələklər kimi ortaya çıxanlardan biri Ermənistanın sabiq müdafiə naziri, “Ermənistan” müxalifət blokunun rəhbəri Seyran Ohanyan erməni xalqını Paşinyan əleyhinə qaldırmaq üçün növbəti iddialarla çıxış edib. O deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan ərazisinin ən dar hissəsində Naxçıvana olan məsafəni azaltmağa və İrəvan-Gorus yolunu nəzarətə götürməyə çalışır. (Ölkə.az) Ohanyan iddia edib ki, rəsmi Bakı Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəhliz açmağa çalışır. "Sevliç (Qaragöl-red.) gölündən Cermuka qədər olan hissədə Ermənistanın ən dar ərazisidir (bu ərazidən gözlə hər iki tərəfi görmək olar-red). Həmin nöqtədən Naxçıvana düz xətt üzrə 20-30 km məsafədir: “Məhz buna görə də Azərbaycan ərazini daha da daraltmağa və İrəvan-Gorus-Qafan avtomobil yoluna nəzarəti bərqərar etməyə çalışır”- o qeyd edib.

    Parsyan soyadlı digər erməni isə “qorxduğumuz başımıza gəldi”, deyib şivən qoparmaqdadır. Başlarına gəlir, amma hələ də ağıllanmaq istəmirlər. Aqoniya vəziyyətindədirlər, ora-bura xurnuxurlar. Azərbaycan isə bu unikal situasiyada çox böyük gedişlər edir, səbrlə, təmkinlə, ağılla və dəmir yumruqla davam edir və udur... Hər gün yeni üstünlüklər var...
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR