Kənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) kənd təsərrüfatı ilinin yekunları, 2022-ci ildə həyata keçiriləcək tədbirlər, qarşıda duran vəzifələr və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sektor qarşısında qoyduğu tapşırıqların icrasına həsr olunmuş seminar keçirilib. Seminarda Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının nümayəndələri, struktur bölmələrinin rəhbərləri, ADAU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan edilib. Kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar nəticəsində bu sahənin davamlı inkişafı təmin olunub. Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilib. Aqrar sektorun inkişafına dövlət tərəfindən hərtərəfli dəstək tədbirləri davam etdirilir, fermerlərin dövlətin göstərdiyi dəstək mexanizmlərdən istifadə imkanları asanlaşdırılır, bu istiqamətdə şəffaflıq, hesabatlıq və əlçatanlıq təmin olunur. Dövlət dəstəyi kənd təsərrüfatının əsas istiqamətləri üzrə məhsul istehsalını artırmağa, ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan yaradır. Məhz görülən tədbirlər nəticəsində kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası 2021-ci ildə də davam edib.
Tədbirdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan ADAU-nun aqrar sahədə innovativ texnologiyalar sahəsində fəallığının artırılmasının əsas istiqamətləri, praktik yönümlü tədrisin üstünlük təşkil etməsinin vacibliyi, elmi-tədqiqat işlərinin mövzularının fermer və sahibkarların tələblərinə uyğunlaşdırılması və universitet-fermer əlaqələrinin gücləndirilməsi barəsində danışıb. O qeyd edib ki, bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları son həddədir və mövcud tələbatı çətinliklə ödəyir. Dünya əhalisinin artması və ərzağa artmaqda olan tələbat torpaq və su resursları üzərində təyziqi artırır. Azərbaycanda da iqlim dəyişmələrinin kənd təsərrüfatına ciddi mənfi təsirləri müşahidə olunur. Son illərdə kənd təsərrüfatı istehsalçıları kəskin quraqlıqla müşahidə olunan, qışı mülayim keçən təsərrüfat mövsümlərini yaşayır. Bu baxımdan kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu olduqca vacibdir.
Tədbirdə çıxış edən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə diqqəti qlobal ekoloji problemlərinə yönəldib. O çıxışında ölkə ərazisində səhralaşma prosesi, iqlim dəyişmələri və səhralaşma şəraitində ölkənin su ehtiyatlarından səmərəli istifadə etməklə quraqlığın aradan qaldırılması, respublikamızda eroziyaya uğramış torpaqların ekoloji problemləri məsələlərinə toxunub. Qeyd olunub ki, torpaqların münbitliyinin qorunması və ondan səmərəli istifadə olunması aqrar sahənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Torpaqların münbitliyinin sabit saxlanılması və artırılması əhalinin həyat şəraitinin və sağlamlığının təmin edilməsi ilə yanaşı, gələcək nəsil üçün böyük imkanlar yaradır. Başqa sözlə, iqlimin mənfi təsirləri ümumi məhsuldarlığın daha yüksək templə artımına imkan verməsə də, müvafiq dövlət dəstəyi tədbirləri hesabına müasir texnologiyaların tətbiqinin genişləndirilməsi nəticəsində artıq ölkədə yüksək məhsuldarlıq göstəriciləri əldə edən təsərrüfatların sayı artır.
Tədbirdə işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpa olunmasının vacibliyini diqqətə çatdırıb. İştirakçılar işğaldan azad edilmiş ərazilərdə təbii resursların ekoloji durumu, kənd təsərrüfatı sahəsinin elmi və kadr təminatı, işğaldan azad olunmuş ərazilərdə təbii resurslardan səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı, zəruri infrastrukturun yaradılması barədə fikir mübadiləsi aparıblar.