AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gələn ilin büdcəsi sosialyönümlü olacaq: - Hansı sahələr üzrə maaşlar artacaq?

  • + A
  • - A
  • 19-09-2022, 19:40

    Gələn ilin büdcəsi sosialyönümlü olacaq: - Hansı sahələr üzrə maaşlar artacaq?


    2022-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olan malların cəmi statistik dəyəri 24 milyard 359 milyon 107 min dollar təşkil edib.

    O cümlədən, 13 milyard 724 milyon 349 min dollarlıq xam neft, 10 milyard 317 milyon 686 min dollarlıq təbii qaz ixrac edilib.

    Qeyd edək ki, 2021-ci ilin 8 ayı ərzində isə Azərbaycandan 11 milyard 350 milyon 870 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 8 milyard 498 milyon 811 min dollarlıq xam neft, 2 milyard 350 milyon 392 min dollarlıq təbii qaz ixrac edilmişdi.

    Beləliklə, bu ilin 8 ayında xam neft ixracından gəlir 61,5%, qaz ixracından gəlir isə 4,4 dəfə artıb. Həmçinin, 2022-ci ilin 8 ayı ərzində Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixrac 1 milyard 885 milyon 466 min dollar təşkil edib (ötən ilin eyni dövründə 1 milyard 584 milyon 468 min dollar təşkil etmişdi). Gəlirlərin artmasının səbəbi dünya birjalarında neft və qazın bahalaşmasıdır.

    Qeyd edək ki, ölkədə ötən dövrdə bir sıra sosial layihələr reallaşıb.

    Həm neft-qaz, həm də bu sektora daxil olmayan mallarla bağlı gəlirlərin artması qarşıdakı dövrdə də sosial layihələrin də icrasına imkan verəcəkmi və bu, yeni ilin dövlət büdcəsində öz əksini tapacaqmı? Millət vəkili Azər Badamov Cebhe.info-ya bildirdi ki, Azərbaycan iqtisadiyyatı inkişaf tempini qoruyub saxlayır:

    “Dünyada baş verən proseslər bir çox ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. O cümlədən, pandemiyada iqtisadiyyatların mənfiyə doğru enməsini şərtləndirib.

    Ancaq Azərbaycan pandemiyanın təsirlərini tez aradan qaldırdı və iqtisadi inkişafın yeni bir mərhələsinə qədəm qoydu. Cari ilin 6 ayının göstəriciləri bunu deməyə imkan verir. Artıq 7 faiz iqtisadi göstəricinin əldə olunması böyük göstəricidir. Neft-qaz sektoru ilə yanaşı qeyri-neft sektoru da inkişaf edir. Qeyri-neft sektoruna investisiyalar yatırılır, bu sahədə sahibkarlıq mühiti üçün optimal şərait formalaşıb. Bu da təbii ki, qeyri-neft ixracının artımında özünü göstərir. Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatında önəmli yer tutur və iqtisadi sabitliyin qorunub saxlanmasında əsas amilə çevrilib. Qeyri-neft sektorunun artması iş yerlərinin artması deməkdir”.

    Millət vəkilinin sözlərinə görə, neft-qaz sektoru ilə bağlı gəlirlərin artması sosial layihələrin həyata keçirilməsini şərtləndirir:

    “Əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasıdır. O ərazilərdə aparılan sosial infrastruktur layihələr gözümüzün önündədir və həmin ərazilərin yenidən qurulması prosesi sürətlə davam etdirilir. Paralel olaraq Azərbaycanın bütün regionlarında sosial infrastruktur layihələr davam edir. Dövlətimizin iqtisadi gücü artdıqca insanların sosial rifahının yaxşılaşmasına xidmət edəcək sosial proqramların da əhatə dairəsi genişlənir”.

    Deputat onu da bildirdi ki, qarşıdakı ilin dövlət büdcəsi də sosialyönümlü olacaq:

    “Əsas xərclər sosialyönümlü layihələrin, sosial proqramların icrasına yönəldilir. Ölkə daxilində sosialyönümlü xərclərin maddələrində artımlar nəzərdə tutulub. Bu da təbii ki, iqtisadiyyatın inkişafı ilə birbaşa bağlıdır. Əgər bizim iqtisadi gücümüz olmasaydı biz heç vaxt sosial layihələrə diqqətimizi artıra bilmərik. Hazırda bu istiqamətdə atdığımız addımları ölkəmizin göstəricisi kimi qeyd etmək olar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR