AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran sərsəmləmələri və gerçəklik - Siyasi şərhçi Elmar Hüseynov yazır...

  • + A
  • - A
  • 6-11-2022, 16:00

    İran sərsəmləmələri və gerçəklik - Siyasi şərhçi Elmar Hüseynov yazır...

    İran-Azərbaycan münasibətləri niyə pisləşdi?

    Azərbaycan sosial şəbəkələrində artıq İran da Sovet İttifaqı kimi parça-parça edilib. Hətta bəzi istifadəçilər daha uzağa gedərək bu parçalardan bir neçə dövlət hazırlamağa başlayıblar: Cənubi Azərbaycan, Kürdüstan, Bəlucistan, Qaşqaylar və bu kimi parçalara bölünən İran hələ də özünə gələ bilmir. Hətta gör nə aləm imiş ki, Araz çayı boyunca İranın keçirdiyi təlimlər fiaskoya uğrayıb. Teleqram və digər sosial şəbəkələrdə yayılan məlumatlara inansaq Hikmət Mirzəyevin başçılığı ilə XTQ-nin Cənub bölgəsində keçirdiyi hərbi təlimlər İranı qorxuya salıb. Digər məlumat isə ondan ibarətdir ki, İranın Şimalında, yəni Cənubi Azərbaycanda hər kəs ticarətini manatla edir. Hətta Azərbaycan Ordusunun tezliklə İrana girib Təbrizi azad edəcəyi xəbərlərini gözləyənlər də var.

    Bütün bunlar çox gözəl səslənir, eləmi?

    Azərbaycanı sevən, onun uğurları üçün çalışanlar, əlbəttə gözəldir, deyəcək! Vallah, adamın içindən çox şey keçə bilər, amma bunu xəbər kimi sosial şəbəkələrdə sırımaq, sadəcə olaraq, ayıbdır. Çünki bundan sonra adam, "gop, gop, bu qədər də yox" demək istəyir.
    İran haqqında danışarkən nəzərə almaq lazımdır ki, qarşındakı sıradan bir ölkə deyil. Nə yağışdan sonra bitən göbələk, nə də köksüz bir dövlətdir ki, bir anın içində qlobal səhnədən silmək mümkün olsun...

    Tarixin bütün mərhələlərində, müxtəlif adlarla var olan dövlət - İRAN

    1) Əvvəla İranı küçümsəyənlərə demək istərdik ki, gedib tarixi vərəqləsinlər. 4 min il dövlətçilik tarixi olan bir ölkədən söhbət düşərkən tarixə diqqət yetirmək çox vacibdir.
    2) İran Qoca Şərqin ən qüdrətli dövlətlərindən biri olub, Sovet İttifaqı deyil ki, kənardan püləyən kimi yıxılıb darmadağın olsun.
    3) İran ölkə vətəndaşlarına 100 illərdir İrançılıq ideyalarını aşılayır. Elə bunu nəzərə alıb biz orda yaşayan Cənubi Azərbaycanlılara diqqət yetirdikdə, onların heç də hamısının İranı parçalamaq, yeni dövlət qurmaq düşüncəsində olmadıqlarını görürük.
    4) Tarixin bütün mərhələlərində İranda böyük dövlətləri quran da, sonra yıxıb başqa bir dövlət quran da türklər olub. İndi İranı dağıdanlar 40 milyon türkü nə edəcəklər?
    5) Tarixin müxtəlif mərhələlərində İran adlı ərazidə 10-dan çox Türk dövləti qurulub.
    Bəs indi İranı kimlər idarə edir?

    Bu bəndlərə diqqət yetirsək, görərik ki, İran həqiqətən də sıradan bir ölkə deyil... Onu tarixən idarə edib, qlobal səhnəyə çıxaran türklər olub. Necə ki, hazırda da bu ölkəni türklər idarə edir.

    İran-Azərbaycan münasibətləri

    İran-Azərbaycan münasibətləri 1991-ci ildən başlayaraq yüksələn xətlə inkişaf edib. 92-93-cü illərdə Azərbaycanda vəziyyətin ağır olduğu bir vaxtda İran Azərbaycana qarşı dost-qardaş münasibətini əsirgəməmişdi. Düzdür, Elçibəy dövründə milli ideyaların geniş yayılması nəticəsində, sonradan münasibətlər az qala düşmənçilik səviyyəsinə qədər çıxdı. Amma Heydər Əliyevin dövlətçilik xidmətləri sayəsində gərginləşən münasibələr yavaş-yavaş yaxın qonşuluq səviyyəsinə gətirildi. İran blokada şəraitində olan Naxçıvanı ərzaq və qeyri-ərzaqla təmin etdi... Ermənistanla münasibətlər nə zaman gərginlik həddinə çatdısa, İran hava məkanını Naxçıvan üçün açdı. Bakı ilə əhəmiyyətli qaz tranziti həyata keçirdi ki, bu tranzitin hesabına Naxçıvan qazla təmin olunur.
    Beləliklə, İran 27 il özünü Azərbaycana yaxşı qonşu kimi göstərməyi bacardı... Bu dostluq və qardaşlıq münasibətləri isə 2020-ci ilə qədər davam etdi.

    Cənublu, yoxsa Şimaldan?

    İranın ən böyük ikinci şəhəri olan Təbriz, Cənubi Azərbaycanın tarixi paytaxtıdır. Ölkənin Şimalı azərbaycanlılardan ibarətdir. Onların bizimlə demək olar ki, heç bir fərqi yoxdur: dilimiz, dinimiz bir, milliyyətimiz kökümüz bir, mədəniyyətimiz, adət-ənənələrimiz bir, folklorumuz , ədəbiyyatımiz bir...bir sözlə hər şeyimiz eynidir....
    Son 30 ildə Cənubla Şimal o qədər bir-birinə qaynayıb-qarışıb ki, hətta biz hardasa bir Cənublu qardaşımızı görsək, onun hansısa bir rayonumuzdan olduğunu düşünərik. Beləliklə, hər iki ölkənin bir-birinə müxtəlif istiqamətlərdə xeyli təsirləri var.

    İran-Azərbaycan münasibətlərində düyün nöqtələr...


    İllərdir İran-Azərbaycan münasibətlərində düyün nöqtələr olub. Bu düyün nöqtələrin yaranması da səbəbsiz deyil. Təbii ki, qonşu dövlətlər siyasətində önəmli məqam daha güclü dövlətin, qonşuda güclü və ya özündən güclu ölkə istəməməsidir. Buna görə də hər iki ölkə arasında meydana gələn düyünlər vaxtında müsbət istiqamətdə həll olunmadığı üçün problemə çevrilib.

    Azərbaycanın İran problemi

    Azərbaycanın İranla bağlı problemlərini aşağıdakı şəkildə sadalamaq olar:

    1. İran 1993-cü ildən bəri Azərbaycanda dini inqilab etmək niyyəti güdüb.
    2. İran Azərbaycanda dini kəsimi öz təsirində saxlamaqla hakimiyyətə hədə-qorxu gəlməyə çalışır. Hüseynçiləri buna misal çəkə bilərik.
    3. İran agenturası Azərbaycanı zəif dövlətə çevirmək üçün əlindən gələni etməyə çalışır.
    4. Özünü dini dövlət kimi göstərən İran, işğal olunmuş ərazilərdəki məscidlərin tövləyə və donuz damına çevrilməsinə heç bir etiraz etmədi.
    5. İran Azərbaycan-İsrail münasibətlərinə müdaxilə etməyə çalışır. İsrail silahlarının Azərbaycan tərəfindən istifadəsi onu narahat edir.
    6. İran İkinci Qarabağ müharibəsində Azərbaycan ordusuna maneçilik törətməklə iç üzünü açmış oldu.
    7. Azərbaycan Qarabağı azad etməklə Ermənistan üzərindən Avropaya transfer edilən narkotika ticarətinin qarşısı aldı, buna görə İran bu ticarəti Azərbaycan üzərindən etməyə çalışır.
    8. İrandan Azərbaycana qeyri-leqal yollarla narkotik vasitələr daxil olur. Bu Azərbaycanı narahat edir...
    9. İran asan hədəf halına gəlməyini bəhanə edərək Zəngəzur dəhlizi məsələsinə özünün "qırmızı xətti" kimi baxır. Bu addım Azərbaycan üçün qəbuledilməzdir.
    10. Zəngilan Hava Limanının açılışından sonra Qafanda İran konsulluğunun açılması Azərbaycana qarşı Ermənistanın yanında olmaq anlamına gəlir...

    İranın Azərbaycan problemi


    İranın Azərbaycanla bağlı da problemləri var. Bunlar aşağıdakılardır:

    1. Ölkənin Şimalında yaşayan 30 milyon azərbaycanlı. Hakimiyyətin Azərbaycanla problemi olduqda həmin vətəndaşların hansı mövqe sərgiləyəcəyi gün kimi aydındır.
    2. Ökədə nə qədər qadağalar olsa da gec-tez azərbaycanlı əhali öz hüquqlarını qorumaq üçün ayağa qalxacaq.
    3. Ölkənin Şimalında yerləşən Azərbaycanın neft ölkəsi olması və gündən-günə inkişafı.
    4. Azərbaycanın İsraillə isti münasibətləri, İsraildən silah alınması. İsrailin Azərbaycanda olmaqla İrana təhdid yaratması.
    5. Qarabağda narkotika plantasiyalarının ləğv edilməsi və oradakı narkotik ticarətinə vurulan zərbə.
    6. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planı və bu planın İranın qırmızı xəttini (İranın Ermənistan üzərindən xarici çıxışının bağlanması) keçməsi...
    7. Zəngilanda Hava Limanının açılması və burdan İranın İsrailin asan hədəfi halına gəlməsi...

    İran-Azərbaycan münasibətlərini tənzimləmək...

    Deməli, yuxarıdakı yazılardan da gorünür ki İranı Azərbaycan ilə düşmən vəziyyətinə gətirən müəyyən problemlər var. Bu problemlərin aradan qaldırılması bu gün hər iki dövlət üçün sərfəlidir, nəinki İranı vİran qoymağın. Hazırda hər iki dövlət arasında ən böyük problem Qərbi Zəngəzur məsələsidir ki, İran bu məsələnin gec-tez həll olunacağını çox yaxşı bilir. Amma qarşısını almaq üçün maksimum güc sərf edir.
    Hər iki ölkəni qarşı-qarşıya gətirəcək, həll olunması mümkün olmayan mühüm məsələlər - İranda azərbaycanlılar, Azərbaycanda isə hüseynçilər problemidir.
    Münasibətlərinin pisləşməsi və düşmənçilik səviyyəsinə gətirilməsi heç bir ölkəyə sərf etmir.
    Hər iki ölkənin yaxşı qonşuluq münasibətləri olub və hazırda milyonlarla dollar ticarət dövriyyəsi var.
    İranın Azərbaycana qarşı göstərdiyi əzələ nümayişi çox yanlış addımdır.
    Zəngilan Hava Limanının açılışından həmən sonra tələm-tələsik Qafanda İran konsulluğunun açılması da gülünc doğuran, siyasi fiasko idi.

    Bəs İran nədən belə edir?

    Sualının çox sadə və məntiqi cavabı var. İranda daxili vəziyyət heç ürəkaçan deyil. Baş verən inqilablar qarşısıalınmaz səviyyəyə çatdıqda quruluş dəyişikliyi labüd olacaq. Artıq bunun təməlləri atılıb, qadınların əli ilə bünövrəsi qoyulur. Bu vəziyyətin yaranması İranda bir ilk deyil. 1978-ci ildə ayağa qalxıb şahı devirən xalq gözlənilməz situasiya ilə üz-üzə qalmışdı. İranın daxilində vəziyyət o qədər gərgin idi ki, hakimiyyətin tezliklə yıxılacağı gözlənilirdi. Bu məqamdan İstifadə edən molla hökuməti 1980-ci ildə İran-İraq müharibəsini başlatdı. 1988-ci ilə qədər davam edən müharibə zamanı isə daxildə gərginlik yaradanları vətənə xəyanətdə ittiham edib, edam etdilər...
    Diqqət yetirirsinizsə, indi də İranda vəziyyət ürəkaçan deyil. İran buna görə xaricdə düşmən ovuna çıxıb. Nə qədər "Amerikaya, İsrailə ölüm" şüarları səsləndirsələr də, onlarla müharibə etməyə bir yerləri çatmaz. Qonşulardan İraq öz problemindən baş aça bilmir. Ərəb qonşuları ilə gizli ədavəti onsuz da davam edir. Əfqanıstanda hökumət artıq İranın düşmənlərinin əlində. Ermənistanla müttəfiqlik davam edir. Azərbaycan isə gündən-günə inkişaf edir. Deməli, Azərbaycan İrana təhdid yarada bilər. Amma Azərbaycan ilə düşmənçilik mövqeyində olsa da İranın Azərbaycana müharibə etməsi gülünc olar. Deməli, İran hakimiyyəti hər tərəfdən qolları və ayaqları bağlanaraq, başına bıçaq dayanmış öküzə bənzəyir. Daha çox çabalayıb, ətrafındakılara ziyan vurmağa çalışacaq. Bu situasiyada isə Azərbaycan səbr və təmkinlə ya İrandakı hakimiyyətin dəyişilməsini gözləməli, ya da İranla bütün münasibətlərin çox yüksək səviyyədə qurulduğu görüntüsünü yaradaraq, müqəddəs Zəngəzur planını addım-addım həyata keçirməlidir....







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR