AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvanda nə baş verir?

  • + A
  • - A
  • 1-12-2022, 16:00



    Azərbaycan dövlətinin daxili siyasətində korrupsiya ilə mübarizə, dövlət vəsaitinin mənimsənilməsi hallarının qarşısının alınması kimi amillər mühüm yer tutur. Ölkəmizdə xüsusən son illərdə bu sahədə atılan addımlar aydın şəkildə müşahidə olunur və əhali tərəfindən də təqdir olunur.

    Bu prosesin məntiqi davamı isə hazırda Naxçıvan Muxtar Respublikasında müşahidə olunur. Burada baş verən həbslər də digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir. Birmənalı olaraq qeyd edə bilərik ki, bu proses qanunauyğun şəkildə inkişaf edib və arxasında hansısa siyasi çalar axtarmaq heç bir anlam ifadə etmir.

    Məsələnin mahiyyətinə varmaq üçün Azərbaycanın korrupsiya ilə mübarizəsinin yaxın keçmişinə baxmaq kifayət edir. Belə ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin dövründən qalma oturuşmuş korrupsiya sistemi Naxçıvanda da özünə yer tapmağı bacarıb. Bu mənada həmin sistemin mütləq şəkildə məhvi və qalıqlarının aradan qaldırılması üçün cəza tədbirlərinin istiqamətinin Naxçıvana yönəldilməsi olduqca məntiqli ssenaridir.

    Elə Naxçıvanla bağlı aparılan araşdırmalar nəticəsində muxtar respublikaya gətirilən mallarda külli miqdarda gömrükdən yayınma hallarının ortaya çıxması da müvafiq tədbirlərin istiqamətinin olduqca dəqiq seçildiyini göstərir.

    Bir sıra statistik məlumatların təhlili də onu göstərir ki, Naxçıvanda Səfər Mehdiyevin dövründən qalma korrupsiya sisteminin fəaliyyəti olduqca geniş vüsət alıb. Məsələn, qeyd etmək lazımdır ki, Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki rəqəmlərdən 10 faiz az göstərilib. Bu 10 faizlik “kəsr” isə Naxçıvan gömrüyündəki qeyri-qanuni fəaliyyətlərin nəticəsi, yeyinti halları ilə bağlı olub. Hər il Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən ümumilikdə 500 milyon manat dotasiya verilir. Naxçıvanın öz gəliri isə 180 milyon manat olaraq göstərilir. Son hadisələr isə bu rəqəmin reallıqdan olduqca uzaq olduğunu ortaya qoyur. Çünki təkcə gömrükdə 100 milyon manatdan artıq yeyinti, mənimsəmə faktının olduğunu nəzərə alsaq, ümumi yeyintinin səviyyəsini də təxmin etmək mümkündür.

    Odur ki, qurulmuş korrupsiya sisteminə həlledici zərbə vurulması və günahkarların cəzalandırılması birmənalı olaraq siyasi proseslərdən kənar olmaqla yanaşı, ölkəmizdə dövlət başçı İlham Əliyevin nəzarətində aparılan korrupsiya ilə mübarizə tədbirlərinin məntiqi davamı və önəmli mərhələsidir.

    Bu prosesin final mərhələsi isə Azərbaycanda korrupsiya sisteminin bütün qalıqlarının təmizlənməsi ilə baş verəcək və ona qədər istər Naxçıvanda, istərsə də ölkəmizin digər regionlarında cinayətkarlar, korrupsiyaya bulaşmış şəxslər, dövlət vəsaitlərini mənimsəyənlər dövlətin sərt üzü ilə qarşılaşmağa davam edəcəklər.

    Sirr deyil ki, Azərbaycan dövlətinin uğurlu inkişaf və tərəqqi yolunda ölkəmizin bütün regionlarına zəruri diqqət və qayğı birmənalı olaraq göstərilir. Qeyd etmək lazımdır ki, bu gün Naxçıvanda aparılan quruculuq, tikinti, abadlıq işləri, əhalinin rifahının artırılmasına yönəlmiş bütün tədbirlər Prezident İlham Əliyevin yürütdüyü siyasətin məntiqi nəticəsidir. Buna görə də, Naxçıvan MR-ə dövlət büdcəsindən lazımi qədər vəsait ayrılır, xalqın rifah halının yüksəldilməsi üçün dövlət öz üzərinə düşən öhdəliklərə böyük həssaslıqla yanaşır.

    Belə olan halda isə sui-istifadə, korrupsiya və mənimsəmə hallarına yol verilməsi hallarının dövlət tərəfindən ən sərt şəkildə cəzalandırılması prosesi davam edəcək.

    Əminliklə deyə bilərik ki, Naxçıvanda baş verənlər ayrıca bir proses olaraq qiymətləndirilməməli, ölkədə aparılan korrupsiya ilə mübarizə tədbirlərinin mühüm mərhələsi kimi nəzərdən keçirilməlidir. Belə olan halda isə digər dövlət qurumları kimi Dövlət Gömrük Komitəsinin də Naxçıvanda birbaşa tabeliyində olan idarə formalaşdırmasının zəruri və normal praktika olduğu reallığı qarşımıza çıxır.

    İstənilən halda Azərbaycan dövləti öz maraqlarının və xalqının hüquqlarının müdafiəçisi kimi ölkə daxilində zəruri tədbirləri davam etdirəcək. “Naxçıvanda nə baş verir?” sualının cavabı da məhz birmənalı olaraq budur. Prosesdə siyasi məqamlar axtarmaq əbəsdir, Naxçıvanda da Azərbaycanın digər bölgələrində olduğu kimi çirkaba batmış üzvlərin təmizlənməsi, korrupsiya sisteminin dağıdılması, mənimsəmə hallarının qarşısının alınması ölkəmizin ümumi inkişafına və sağlam gələcəyin inşasına yönəlmiş addımlardır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR