İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bayramqabağı əhalinin istehlak səbətində əsas yer tutan məhsullara tələbatın artması fonunda qiymət manipulyasiyalarına yol verilməməsi üçün sahibkarlıq subyektlərinə müraciət edib.
Müraciətdə bildirilib ki, sahibkarlıq subyektləri təklif etdikləri mal və xidmətlərin qiymətləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verməlidirlər.
Satışda olan bütün malların üzərində malın adı, növü, qiyməti və doldurulma tarixi göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Məhsulun satış qiyməti məhz üzərində (piştaxta və yaxud vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət tədbiri nəzərdə tutulub. Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər 4000-6000 manat inzibati qaydada cərimə edilir.
“Bayramqabağı alış-verişin daha da artacağını nəzərə alaraq, istehlakçılara diqqətli olmağı, sahibkarlara isə belə hallara yol verməməyi tövsiyə edirik. İstehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması, eləcə də digər qanun pozuntusu halları ilə rastlaşdıqda “195-1” Çağrı Mərkəzi, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt (office@competition.gov.az) vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər”, - qurum bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.