AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə çıxış edib

  • + A
  • - A
  • 2-03-2023, 21:31

    Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə çıxış edib

    Milli Məclisin sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edib. Azadmedia.az sözügedən çıxışı təqdim edir:

    Hörmətli cənab Sədr, zati-aliləri, xanımlar və cənablar.

    İlk növbədə, Azərbaycan Respublikasının parlamenti adından və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Sədri kimi, hamınızı Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə salamlayıram.

    Bakı şəhəri Qoşulma Hərəkatına üzv dövlətlər arasında həmrəylik, dialoq və əməkdaşlıq ruhunu nümayiş etdirən daha bir mühüm tədbirə ev sahibliyi edir.

    Hörmətli iştirakçılar,

    Məlumdur ki, Qoşulmama Hərəkatı COVİD-19 pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması üçün qlobal səylərin səfərbər edilməsində mühüm rol oynamışdır. Bu dəfə pandemiyadan sonrakı bərpa ilə bağlı qətiyyətli addımlar atan Qoşulmama Hərəkatı Azərbaycan Respublikasının Prezidenti, Hərəkatın Sədri, Zati-aliləri cənab İlham Əliyevin növbəti qabaqlayıcı təşəbbüsləri ilə yenidən önə çıxır. Və mən qəti şəkildə inanıram ki, bu Sammitdə aparılan müzakirələr pandemiyadan sonrakı bərpada daha geniş və daha sıx qlobal əməkdaşlıq üçün yeni ideyalar, perspektivlər və imkanlar yaradacaq.

    Xanımlar və cənablar,

    Azərbaycanın sədrliyinin əsas diqqət mərkəzində olan məsələlərdən biri Qoşulmama Hərəkatının institusional inkişafı olmuşdur. Belə ki, Qoşulmama Hərəkatının 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə Görüşündə dövlət və hökumət başçıları Qoşulmama Hərəkatına Üzv Dövlətlərin parlamentarilərini də cəlb etməklə qarşılıqlı fəaliyyəti və əməkdaşlığı genişləndirmək və dərinləşdirmək barədə qərar qəbul ediblər.

    Hərəkatın təsis prinsiplərinə tam və səmərəli riayət olunmasında parlamentarilərin mühüm rol oynaya biləcəyini qeyd edən cənab Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Sədri kimi Hərəkatın Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etmişdir. 2021-ci ilin noyabrında Madriddə Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Parlament Şəbəkəsinin təsis iclası keçirilmişdir.

    Xanımlar və cənablar,

    Şəbəkənin səmərəliliyini təmin etmək üçün ilk iclasdan dərhal sonra Azərbaycan parlamenti prosedur sənədləri və iş qaydaları üzərində işə başlayıb, bu sənədlər sonradan üzv parlamentlərə çatdırılıb və razılaşdırılıb. Parlament Şəbəkəsinin ilk konfransı 2022-ci ilin iyununda Bakıda keçirilib. Konfransda 40-dan çox parlament və 8 parlamentlərarası təşkilatdan 400-ə yaxın təmsilçi iştirak edib. Bu, üzv dövlətlərin parlament əməkdaşlığına verdiyi önəmin bariz təzahürü idi.

    Bakı Konfransı Şəbəkənin inkişafında mühüm mərhələ oldu. Konfransda Şəbəkənin İş Qaydaları haqqında Əsasnamə, Bakı Bəyannaməsi, həmçinin Şəbəkənin rəsmi loqosu və bayrağı qəbul edilib, növbəti üç il müddətinə Şəbəkənin sədri və üç sədr müavini seçilib.

    Hörmətli iştirakçılar,

    Qoşulmama Hərəkatının dəyər və prinsiplərinin irəli çəkilməsi, digər təşkilatlarla institusional dialoqun inkişaf etdirilməsi də əsas prioritet olub. Nəticə etibarilə, Parlament Şəbəkəsi artıq bir sıra parlamentlərarası təşkilatlarla əməkdaşlıq mexanizmləri yaradıb və bəzi beynəlxalq parlament təşkilatlarında müşahidəçi statusu əldə edib. Bu çərçivənin genişləndirilməsi istiqamətində işlər aparılır.

    Şəbəkənin növbəti konfransı martın 13-də Bəhreynin paytaxtı Manamada Parlamentlərarası İttifaqın 146-cı Assambleyası çərçivəsində baş tutacaq. Pandemiyadan sonrakı bərpa üzrə milli və qlobal səylərə parlamentlərin dəstəyini müzakirə etməklə yanaşı, biz Şəbəkənin institusional potensialının daha da gücləndirilməsinin mümkün yolları haqqında da fikir mübadiləsi aparacağıq.

    Xanımlar və cənablar,

    Biz hələ də Parlament Şəbəkəsinin təşəkkül və inkişafı prosesindəyik. Amma Parlament Şəbəkəsinin hazırkı sədri kimi mən sizlərlə qəti inamımı bölüşmək istərdim ki, Şəbəkə Qoşulmama Hərəkatının ideya və prinsiplərinin, çoxtərəfliliyin, dialoqun və parlamentlərarası əməkdaşlığın təşviqi üçün mühüm alətə çevrilməkdədir. Mən bütün üzv dövlətləri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində iştirakını və dəstəyini daha da artırmağa çağırıram.

    Görüşə uğurlar arzulayır və diqqətinizə görə təşəkkür edirəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR