AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

RÜŞVƏT ALSAYDIM, ZƏBİ QULİYEV OLMAZDIM…

  • + A
  • - A
  • 26-03-2023, 11:30

    RÜŞVƏT ALSAYDIM, ZƏBİ QULİYEV OLMAZDIM…

    (Oxucuların xahişi ilə)

    Haqqında söhbət açdığım Zəbi Quliyevin ömür yolu bu gün təbiətin və cəmiyyətin taleyinə biganə qalan, vəzifədən yalnız özünəxidmət vasitəsi kimi istifadə edən milli dovlət məmurları üçün bir örnək və əsl kişilik məktəbi ola bilər…

    …Zəbi 1910-cu ildəLənkəran qəzasının qəzasının tərkibinə daxil edilən qədim Muğan diyarının Hacıtəpə kəndində dünyaya göz açmışdı. Atası axund Əhəd dövrünün ziyalısı və din xadimi kimi tanınmış, Ərdəbil şəhərində orta, Nəcəfdə ali ruhani təhsili almışdı. O vaxt heç kimin ağlına gəlməzdi ki, ruhani ailəsində dünyaya gələn Zəbi Quliyev gələcəkdə tanınmış ictimai – siyasi xadim olacaq. Zəbi də yaşıdları kimi, ilk ibtidai təhsilini molla yanında almışdı. Atası axund da olsa, oğlunun dünyəvi biliklərə sahib olmasına çalışırdı. 1924-cü ildə Zəbi doğma Hacıtəpə kəndində məktəb olmadığı üçün qonşu Xırmandalı kəndində yeddiillik, Masallıdakı Ağ məktəbdə isə orta təhsilini başa vurub.
    …Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra təhsilli adamlara daha çox ehtiyac duyulurdu. Odur ki, 1928-ci ildə Zəbi Lənkəran Pedaqoji məktəbinə göndərilir. 1931-ci ildə Bakıda partiya-sovet məktəbini bitiən Zəbi Masallı gənclərinin firqə təşkilatlarında əmək fəailliyyətinə başlayır.

    1931-ci ildən 1940-cı ilə kimi Zəbi Quliyev Göynükdə (indi Şəki rayonunun inzibati ərazisinə daxildir), Nuxa (indiki Şəki), Masallı, Samux rayonlarında gənclər ittifaqının 1-ci katibi vəzifələrində çalışıb. 1939-cu ildə Moskvada keçirilmiş ÜİK(b)P-nın XVIII qurultayının nümayəndəsi olub.

    1940- cı ildə Azərbaycan KP MK-nın sərəncamı ilə Samux rayonuna RPKnın 1-ci katibi təyin edilib. Böyük Vətən müharibəsin ilk günlərində MK onu Tbilisi şəhərinə hərbi-siyasi məktəbdə təhsil almağa göndərdi. 1942-ci ilin aprelində Z.Quliyev 416-cı dviziyanın 1373-cü atıcı alayına siyasi rəhbər təyin olundu. Ağır döyüşlərin birində alay faşistlər tərəfindən mühasirəyə alındı. Uzun müddət 416-cı dviziyanın komandanlığı ilə əlaqə kəsildi. Bu zaman Azərbaycan rəhbərliyinə – şəxsən Mircəfər Bağırova Zəbi Quliyevin almanlara könüllü əsir düşməsi barədə əsassız məlumatlar göndərilir. Deyilənlərə görə, Bağırovun göstərişi ilə alayın siyasi rəhbəri olduğu üçün Z. Quliyevin Hacitətəpə kəndində 72 nəfər qohum -əqrabasını Sibirə sürgün etmək üçün NKVD əməkdaşları siyahıya alırlar.

    Elə həmin ilin noyabrında Z.Quliyevin də rəhbər olduğu alay mühasirəni yarır. Z.Quliyev həmin döyüşdə başından yaralanaraq müalicə üçün Tbilisi hərbi hospitalına gətirilir. Müalicədən sonra Bakiya dönən Zəbi Quliyev M.Bağırovun göstərişi ilə bir neçə günlük Masallıya – doğma kəndinə gedir. Əslində bu qısamüddətli səfər Zəbi haqqında camaat arasında dildə-ağızda gəzən yalançı söz-söhbətlərə son qoymaq xarakteri daşıyırdı.

    Sonra Zəbi Quliyev Azərbaycan KP aparatında işə başlayır. 1943-1952-ci illərdə Nuxa şəhər partiya komitəsində 2-ci, Göyçay, Tovuz rayonlarında RPK-nın 1-ci katibi vəzifələrində əqidəsinə sadiq dövlət xadimi kimi ləyaqətlə çalışır. Dürüstlüyü, saflığı yenə ona havadar olurdu. Z.Quliyev qiyabi təhsillə APİ-nin tarix fakültəsini bitirəndən sonra 1952-c ildə Moskvaya Ali Partiya məktəbinə göndərilir. 1952-53-cü illərdə Gəncə vilayət komitəsində şöbə müdiri, 1954-57- ci illərdə Nuxa RPK-nın 1-ci katibi vəzifəsində işləyir.1955–1959 -cu illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.1957-ci ildən əmək təqaüdə çıxanadək isə Azərbaycan SSR Ali Sovetində çalışıb.
    Zəbi Quliyev onu tanıyanların xatirələrində öz xalqını, el-obasını sonsuz məhəbbətlə sevən, halal, təmənnasız, təmiz şəxsiyyət kimi canlanır. Söhbətlərdən məlum olur ki, Zəbi Quliyev Masallının İstisuyunu elmi əsaslarla tədqiq edib, alim, həkim, bəstəkar, şair Mir Kazım Aslanlıyla çox möhkəm dostluq əlaqələri olub. Masallı İstisuyunda kurort yaradılması hər iki vətənpərvər insanın arzusu idi. İstisuyun sanatoriya kimi təyinatında şəxsən Z.Quliyevin böyük rolu vardı. 50-ci illərin sonu o vaxt Azərbaycan KP MK-nın birinci katibi olan İmam Mustafayevi İstisuya gətirərək belə gözəl müalicə suyunun nə qədər böyük əhəmiyyətli olmasını ona inandırmışdı. Sanatoriya hazır olanda İ. Mustafayevi də dəvət etmişdi. Bəli, yalnız insanlıq adını, vətən andını, duz-çörək haqqını uca tutan, mənəviyatca təmiz, əqidəcə saf olan şəxsiyyətlərin əhatəsində gözəl işlər görüb, həyata keçirmək mümkündür! İnsan həyatının mənası onun xalqa, Vətənə xidməti ilə ölçülür. Həyat da, vəzifə də insanlara xoş niyyətlə, xeyirxah əməllərlə xidmət edəndə daha mənalı olur… Zəbi Quliyev ömrü boyu vəzifəyə pul, rüşvət mənbəyi kimi baxmayıb, qeyrəti, təssübkeşliyi başına bəlalar, açsa da, öz yolundan dönməyib.

    Kişi kimi bir sözü olub: “Rüşvət alsaydım, Zəbi Quliyev olmazdım!..” Zəbinin mərdanəliyi, heç kimə əyilməməyi, yeri gələndə sözünü özündən yuxarılara da kişi kimi deməyi onu tanıyanlar üçün örnək idi. Z. Quliyev səhvə görə öz doğma övladına belə güzəştə getməyən, haqqı, ədaləti təmənnalı dostluqdan üstün tutan bir şəxsiyyət olub.

    Barəsində eşitdiyim söz-söhbətlərdən 3 fraqment:

    1-ci fraqment: 30-cu illərdə Z.Quliyev Masallıda gənclər təşkilatının rəhbəri işlədiyi vaxtlar qız-gəlin qarşısında özünü açıq-saçıq (abırsız) aparan raykom katibinin üstünə silah çəkir: “Sən özündən başqalarını kişi saymırsan?” – deyə ondan rayondan rədd olub getməsini tələb edir. Özünün “müəmmalı” işlərinə Zəbinin əngəl olduğunu görən raykom katibi donosbazlıqla onu “NKVD”-nin zirzəmisinə saldırır. Mircəfər Bağırov qısa müddətdə işi araşdırır və Zəbinin haqlı olduğunu dəqiqləşdirərək onu azad edir, vəzifəsindən sui-istifadə edən günahkar katibi isə dərhal işdən çıxardır.

    2-ci fraqment: Bir dəfə raykom katiblərinə Mərkəzi Komitə xüsusi forma geyinmək üçün paltarlıq parça verirmiş. Mircəfər Bağırov parçalar paylandıqdan xeyli sonra anbardardan soruşur: “Sənə neçə nəfər raykomun borcu qalıb?” Anbardar deyir: “İki nəfərin!” M. Bağırov deyir: “Bilirəm, onun biri Zəbi Quliyev olacaq!..”

    3-cü fraqment: Zəbi Quliyev Ali Sovetdə işlədiyi vaxtda oğlu Bakı Soveti İcraiyyə Komitəsində məsul vəzifədə çalışırmış. Deyilənlərə görə, bir gün oğlunun vəzifə başında etdiyi yaxşılığın qarşılığında bəxşiş aldığını eşidən Zəbi Quliyev həmin Bakı Soveti İcraiyyə Komitəsinin sədrindən (Əliş Lənbaranskidən) xahiş edir ki, onu dərhal işdən azad etsin. Oğlu Tofiq İK-də təlimatçı, sonra Respublika “Məsul” İdman Cəmiyyətində sədr müvini işləmişdir.


    Zəbi Quliyevin dürüstlüyündən, vətənpərvərliyindən Azərbaycan Respublikası DTK-nın rəhbəri Heydər Əliyev də xəbərdar idi. O, Azərbaycan KPMK-nın birinci katıbi seçiləndən sonra, Zəbi Quliyev təqaüdə çıxsa da, onun ünvanına məktub yollayır. Ona etimad göstərərək MK aparatına işə dəvət edib deyir: “Biz sizi yaxşı tanıyırıq.” Lakin qocaman partiya və dövlət xadiminə səhhəti işləməyə imkan vermir. Vətənə ləyaqətlə xidmətlərinə görə bir sıra orden və medallarla, fəxri fərmanlarla təltif olunan Zəbi Quliyev 1972-ci ilin sentyabrında 62 yaşında vəfat edib və Bakıda dəfn olunub. Respublika rəhbərliyinin, görkəmli dövlət və mədəniyyət xadimlərinin imzaladığı nekroloqda Zəbi Quliyevin xalqına necə sədaqətllə xidmət etdiyi, dürüst insan olduğu vurğulanırdı.

    …“Çağırış” qəzetinin 1989-ci il 14 fevral sayında “Bir insan ömrü” məqaləmdə yazmışdım: “Məncə, haqqında söhbət açdığımız adamları təkcə yaddaşlarda yaşatmaq azdır. Gələn il Z. Quliyevin 80 illiyi tamam olur. Yaxşı olar ki, Masallı şəhərində salınan yeni yaşayış massivlərindəki küçələrdən birənə Z. Quliyevi adı verilsin…” Təklif oxucular tərəfindən bəyənilsə də, uzun müddət arzu olaraq qaldı. Nəhayət, 2005-ci ildə Masallı şəhərindəki küçələrdən birinə Zəbi Quliyevin adı verildi. Doğma elinə ünvan olan əsl azərbaycanlı kişisinin adını daşıyan həmin küçədən təkrar-təkrar keçəndə, düşünürsən, həyatda təkrar keçiləsi mümkün olmayan bir yol var: ÖMÜR YOLU… Zəbi Quliyev bu yoldan şərəflə keçib-getdi!

    Ruhuna böyük ehtiramla

    Nurəddin ƏDİLOĞLU,
    Yazıçı-jurnalist.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR