AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirin Nöqteyi-Nəzəri - Eksklüziv

  • + A
  • - A
  • 2-04-2023, 18:34

    Nazirin Nöqteyi-Nəzəri -

    Bakı, 2 aprel — Azadmedia.az

    Əziz gənclər və idmançılar!

    Aktiv idman həftəsi ilə start götürən mart ayında baharın gəlişi özü ilə gənclik ruhu və idmançı enerjisi gətirdi. “İdman həftəsi” çərçivəsində dövlət qurumları əməkdaşları arasında stolüstü tennis yarışı; fiziki məhdudiyyətli idmançılar arasında şahmat yarışı; ahıl şəxslər üçün sosial xidmət müəssisəsində "Sağlam həyat" tədbiri; məktəblilər arasında idman viktorinası; Şəhid övladları üçün əyləncəli idman tədbiri; oturaq voleybol idmanı üzrə məşqçilik seminarı; idman veteranları ilə görüş; veteranlar arasında dama və nərd yarışı; tələbələr arasında şən startlar əyləncəli idman oyunu; məhbuslarla futbol veteranları arasında yoldaşlıq oyunu; "İdman - sən bir dünyasan!" rəsm müsabiqəsi və sərgisi, ağacəkmə aksiyası; Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri arasında qolf turniri; uşaq evləri arasında şən startlar əyləncəli estafet yarışları keçirildi. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günündə “İdman həftəsi”nə Bakıda idman paradı ilə yekun vurduq. Əlamətdar günü idman ictimaiyyətinin nümayəndələri, idman veteranları, Olimpiya və Paralimpiya oyunlarının mükafatçıları, idman federasiyalarının nümayəndələri, idman səfirləri və idman həvəskarları ilə birlikdə qeyd etdik.

    Ay ərzində beynəlxalq yarışlarda 70-dək medal qazanıldı. Yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks, stolüstü tennis, karate, para-karate və digər idman növlərində uğurlarımız oldu. 23 yaşadək gənclərdən ibarət sərbəst güləş üzrə Azərbaycan millisi ardıcıl ikinci dəfə Avropa çempionu oldu. 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamızın 140 xalla titulunu qoruması bu idman növündə sabaha nikbin baxmağa əsas verir.

    Sevindirici haldır ki, Paris Olimpiadasına ilk lisenziyamız da qazanıldı. Güllə atıcımız Ruslan Lunyov Estoniyanın Tallin şəhərində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanmaqla Olimpiadaya vəsiqə əldə etdi.

    Ölkəmiz daha bir mötəbər yarışa – kişi və qadın idman gimnastikası üzrə dünya kubokuna ev sahibliyi etdi. Sözsüz ki, inkişaf birdən-birə olmur. Bunun üçün səbrlə və düzgün yanaşma ilə çalışmaq lazımdır. 2016-cı ildə 19 ölkənin iştirakı ilə başladığımız dünya kubokunda bu dəfə - 2023-cü ildə rekord sayda – 48 ölkə təmsil olundu. 7 il ərzində hər il təşkil etdiyimiz yarış, ilbəil inkişafla müşayiət olunur. 2014-cü ildə qadın idman gimnastikası ölkəmizdə inkişaf etdirilməyə başlayıb. Burada çıxış edən ilk xanım idmançımız olan yerli kadr böyüklər arasında çıxış edib və finaladək yüksəlib. Fikrimcə, bu, artıq inkişafın bariz bir nümunəsidir.

    Daha bir fəxr edəcəyimiz xəbər Azərbaycan Qış İdmanı Növləri Federasiyasından gəldi. Federasiyanın baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyası Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçildi. Azərbaycan mütəxəssislərinin beynəlxalq qurumlarda rəhbər vəzifələrə seçilməsi son vaxtlar mütəmadi hal alıb. Bu, idmanımızın beynəlxalq təmsilçilik baxımından daha bir uğurudur.

    Nəhayət, işğaldan azad edilmiş ərazilərimizdə rəsmi olaraq cüdo bölməsi də fəaliyyətə başladı. Zəngilan rayonunun Ağalı kəndində açılan cüdo bölməsi Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə gənc cüdoçuların xidmətinə verildi. İnanıram ki, Qarabağ və Şərqi Zəngəzurun digər yaşayış məskənlərində də əhali məskunlaşdıqca onların sağlamlığı və idmanla məşğul olması üçün lazımi addımlar atılacaq.

    Bu il Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Vll Beynəlxalq Konfransı Bakıda keçiriləcək. Konfransa hazırlıq məqsədilə Parisdə YUNESCO-ya üzv ölkələrin Daimi nümayəndəliklərinin iştirakı ilə məlumatlandırma sessiyası uğurla keçdi. 100-dək ölkə nümayəndəsinin iştirak etdiyi iclasda mötəbər tədbirə hazırlıq, təşkilati məsələlər barədə, eləcə də Bakı şəhəri haqqında təqdimatlar oldu. Tədbirdə göstərdiyi dəstəyə görə Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi, səfir Elman Abdullayevə və nümayəndəliyin kollektivinə təşəkkür edirəm.


    Mart ayında, eyni gündə Bakı şəhərində iki idman qurğusu istifadəyə verildi. Əvvəlcə Sabunçu rayonunda yerləşən Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışını etdik. Sakinlərin gündəlik məşq etməsi, atletika ilə məşğul olması üçün nəzərdə tutulan iki zolaqdan ibarət qaçış cığırı xüsusi EPD yer örtüyü ilə təmin edilib. Bu isə çığırın yumşaqlığı sayəsində qaçışın daha səmərəli və təhlükəsiz olmasına imkan yaradır. Hər kəsi səhərlər bu cığırda məşq etməyə və sağlamlığın qayğısına qalmağa dəvət edirəm. Bu layihənin reallaşmasında göstərdiyi dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Holcim” ASC-yə təşəkkür edirəm. Daha bir məkanda – Xətai rayonu, Əhmədli qəsəbəsində istifadəyə verdiyimiz "İdman zonası"nda isə stolüstü tennis, minifutbol və basketbol meydançaları, şahmat güşəsi, uzunluğa tullanma zolağı salınıb, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib. Gəncliyimizi sağlam gələcəyə doğru aparan yolda sağlam həyat tərzinin təbliği çox vacibdir. Buna görə də əhalinin idmanla kütləvi məşğul olmasını təmin etmək məqsədilə bu cür layihələrin davamlı olmasını düşünürük.

    Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclasında 2023-2024-cü illər üçün Azərbaycan Respublikasının qeyri-olimpiya növləri üzrə Vahid İdman Təsnifatı müzakirə edilərək qəbul olundu. Həmçinin 2023-cü il üçün idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin siyahısı və təqvim planı, bir assosiasiya və beş federasiyanın statusları Kollegiya qərarı ilə təsdiq edildi. Bundan başqa 3 nəfər “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, eləcə də ötən il Avropa çempionluğu zirvəsinə yükəlmiş minifutbol üzrə Azərbaycan milli komandasınının üzvləri “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adına layiq görüldülər.

    Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali ilə də maraqlı görüşümüz oldu. Görüşdə Azərbaycanla Qazaxıstan arasında gənclər siyasəti sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Qazax həmkarımdan Qarabağ haqda kitabı qəbul etmək xoş oldu.

    Birinci və ikinci “Yüksəliş” müsabiqələrinin qalibləri ilə də görüşdüm. Onların ölkəmizdə idmanın inkişafı istiqamətində fikirlərini və təkliflərini dinlədim, suallarını cavablandırdım. Belə görüşlərdə adətən, hər bir gəncdən qarşılaşdıqları çətinlikləri, onları narahat edən məsələləri dinləyirəm. Futbol klublarının fəaliyyəti barədə “Yüksəliş” müsabiqəsi qalibinin sualı diqqətimi çəkdi. Adətən biz həmişə klubların fəaliyyətinə tənqidi yanaşır, işlərində nöqsan axtarmağa çalışırıq. Fikrimcə, biz fərdi olaraq hər birimiz klublara dəstək barədə də düşünməliyik. Onlar dəstəksiz inkişaf edə bilməzlər. Burada azarkeşlərin də dəstəyi önəmlidir. Məsələn, təkcə beynəlxalq yarışlarda deyil, daxili yarışlarda da bilet alaraq oyunlara gəlmək və dəstək olmaq mümkündür. Həmçinin hər birimiz klubların satışa çıxardığı köynəyi, şərfi və digər loqolu aksesuarları almaqla klubların inkişafına dəstək ola bilərik. Klublardan söz düşmüşkən, bu günlərdə “Qarabağ”ın qardaş Türkiyənin “Qalatasaray” klubu ilə xeyriyyə məqsədli yoldaşlıq görüşü idmanın gücünü bir daha göstərdi. 70 minə yaxın azarkeşin bilet alaraq stadiona gəlməsi və yığılan vəsaitin Türkiyədə zəlzələdən zərərçəkmiş insanlara verəcəyi fayda klubların təkcə idmanda deyil, eyni zamanda cəmiyyətdə də rolunun önəminin bariz nümunəsi oldu.

    Ənənə üzrə mart ayında Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşlarla görüşüb onların müraciətlərini dinlədik. Beynəlxalq Abilimpiya çempionatına yollanan milli komanda üzvləri ilə də görüşümüz oldu. Bu mötəbər yarışa ilk dəfə olaraq yollanacaq komanda üzvləri ilə söhbət etdik və onlara yarışda uğurlar arzuladıq. Fikrimcə, bu komandanın mənəvi ruhunun yüksəldilməsi baxımından əhəmiyyətlidir. Abilimpiyaçılarımızın birinci dəfə iştirak etdikləri beynəlxalq çempionatdan medal qazanmaları da bir ilk oldu. Mart ayında gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüşümüz oldu. Görüşdə təmsil olunan təşkilatların fəaliyyət istiqamətləri, nazirliklə sıx əməkdaşlıq məsələləri, qarşılaşdıqları çətinliklər barədə fikir mübadiləsi apardıq. Gənclərin ictimai fəallığının daha da artırılması, onların məşğulluq problemlərinin həlli, narkomaniya ilə mübarizə, erkən nigahların aradan qaldırılması və digər aktual məsələlərin həlli üçün bu cür görüş və müzakirələr davamlı olacaq.

    Ötən il əsasını qoyduğumuz ənənəni davam etdirərək Novruz bayramını nazirliyin kollektivi ilə birgə qeyd etdik. İnanırıq ki, yazın gəlişi xalqımız, o cümlədən gənclər və idman ictimaiyyətimiz üçün uğur və yeni qələbələr gətirəcək. Bu uğurlar isə şübhəsiz, bizi sağlam gələcəyə doğru aparacaq.


    Fərid Qayıbov
    Gənclər və idman naziri





















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR