Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin külli miqdarda mənimsəmədə günahlandırılan vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir ki, Avropa İttifaqının mühasibi olmuş Zərifə Abbasovaya Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müraciəti əsasında həmin qurumun mühasibinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaqla Zərifə Abbasovanın 2017-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdılaşdırması, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əmək haqqı kartına köçürərək sözügedən təşkilata məxsus 980 min manatdan artıq (576,5 min ABŞ dollarından çox) pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib”, məlumatda deyilir.
amerikanınsesi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.