Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən Qazaxıstan neftinin ilk partiyası şənbə günü Türkiyənin Ceyhan limanından yola salınıb. Azadmedia.az xəbər verir ki, bu barədə SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC məlumat yayıb.
“Alatau” tankerinə “Tengiz” yatağından hasil edilən 83,2 min ton (665 min barel) neft yüklənib. Yükləmə mərasimində SOCAR, “KazMunayQaz”, “Tengizşevroil”, “Kazmortransflot” və onların törəmə müəssisələrinin nümayəndə heyətləri iştirak ediblər.
Bu uğur cari ilin mart ayından Qazaxıstanın Aktau limanından Azərtrans-Səngəçal terminalına neftin fasiləsiz tədarükü və sonradan BTC ilə nəqli nəticəsində əldə edilib. Qazaxıstan neftinin növbəti partiyasının Ceyhan limanında tankerə yüklənməsi 2023-cü ilin may ayının sonuna planlaşdırılır.
Qeyd edək ki, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəqli SOCAR və “KazMunayQaz” arasında hər il 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası bu il martın 23-də Prezident Heydər Əliyev adına tankerlə Aktaudan Səngəçal terminalına çatdırılıb.
2022-ci ildə SOCAR Qazaxıstan neftinin BTC boru kəmərinə daxil olması üçün Səngəçal terminalında və onun ətrafında toplayıcı boru kəmərləri şəbəkəsinin təkmilləşdirilməsi üzrə mühüm layihələr həyata keçirib. Bu layihələr Bakı-Tbilisi-Ceyhanın potensialından istifadə səviyyəsini artırıb.
Qazaxıstan neftinin ilk partiyasının Ceyhan limanından yola salınması SOCAR ilə “KazMunayQaz” arasında tərəfdaşlığın möhkəmləndirilməsində mühüm nailiyyətdir. Bu hadisə BTC boru kəmərinin Xəzər neftinin dünya bazarlarına nəqlinin əsas marşrutu kimi strateji rolunu nümayiş etdirərək regional enerji əməkdaşlığının vacibliyini bir daha sübut edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.