Bakı, 11 may — Azadmedia.azTürkiyədə təbiətin sirli möcüzəsi olan mağaraları ziyarət edin!
Türkiyədə təxminən 40.000 mağara mövcuddur. Səyahət etmək istəyən mağara həvəskarları üçün bura bir cənnətdir.
Əsasən qərbi və orta Toros dağlarında (Muğla, Antalya, Isparta, Burdur, Konya, Karaman, İçel və Adana) yerləşən bu mağaralardan 1100-ü alimlər və mütəxəssislər tərəfindən tam şəkildə tədqiq edilib.
Türkiyənin ən uzun mağarası sayılan 16 kilometr uzunluqda olan Pınarözü mağarası Beyşehir gölünün qərbində, ən dərin mağarası isə 1880 metrlik Çukurpınar dağ qurşağında yerləşir.
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi ölkədəki 50 mağaranı turistlərə ziyarət üçün açıq elan edib. Bunlardan 31-i adi turistlər, 12-si bələdçi qrupları, 7-si isə peşəkarlar üçün açıqdır. Bu mağaralara səyahət etmək macəranın başlanğıcı sayılır.
Aşağıda Türkiyənin bəzi məşhur mağaraları haqqında məlumat əldə edə bilərsiniz.
Damlataş Mağarası, Alanya.
Aralıq dənizi sahilində Alanya şəhərində yerləşən Damlataş mağarası təsadüfən kəşf edilib. Bu gözəl mağaranı fəhlələr Alanya limanını tikmək üçün dinamit döşəyərkən kəşf ediblər.
Mağaranın ümumi sahəsi 200 m2, uzunluğu isə 30 metrdir. Hal hazırda mağara mühüm təbii müalicə mərkəzi kimi tanınır. Damlataş mağarasının temperaturu il boyu davamlı olaraq 22°C-dir.
İnsuyu Mağarası, Burdur
Burdurun İnsuyu mağarasında çoxsaylı nizə formalı, konusvari və sütunvari formasiyalar, həmçinin kiçik qayıqların hərəkət edə biləcəyi 9 təbii hovuz var.
Mağaradakı su bu doqquz hovuzdan axan kiçik axınlarla mağaranın digər hissələrinə axır. Su hovuzları mağarada daimi sərin və təmiz hava sirkulyasiyasını təmin edir.
Karain Mağarası, Antalya
Antalyada dəniz səviyyəsindən 430-450 metr yüksəklikdə yerləşən Karain mağarası Türkiyənin ən böyük təbii mağarası hesab olunur. Bir çox flora və fauna növünə rast gələcəyiniz mağara Onadolidəki ən qədim insan sümüklərinə aid qalıqları ilə də diqqət çəkir.
Mağara Antalyadan 30 km şimal-qərbdə, köhnə Antalya-Burdur magistral yolundan 5-6 km, Antalyadan isə 27 km məsafədə yerləşir. Mağarada 1946-cı ildən etibarən arxeoloji qazıntılar aparılır.
Qazıntılar nəticəsində mağaranın 500 min il əvvəl yaşayış məskəni kimi istifadə edildiyi və Türkiyənin yaşayış olan ən böyük mağarası olduğu aşkar edilib.
Karain mağarası Anadolu və Yaxın Şərq tarixi baxımından əhəmiyyətli bir Paleolit mərkəzidir.
Oylat mağarası, Bursa
Bursanın İnegöl rayonunda 3000 il əvvəl yaranan Oylat Mağarası 665 metr uzunluğu ilə Türkiyənin ikinci ən böyük mağarasıdır.
40 mərtəbəli bir bina hündürlüyündə olan bu təbiət möcüzəsinə yalnız uzun və unudulmaz səyahətin ardından çata bilərsiniz.
Çal mağarası, Trabzon
Trabzondakı Çal mağarası dünyanın ikinci ən uzun mağarası olaraq tanınır. 8 kilometr uzunluğundakı mağaranın təxminən 1 kilometrinə girmək mümkündür.
Trabzon vilayətinin Düzköy rayonundan 5 km aralıda və dəniz səviyyəsindən 1050 metr hündürlükdə Çal kəndində yerləşən Çal mağarasının zirvəsində tarixi qala mövcuddur və həmçinin mağaranın içindən kiçik çay da axır.
Mağaranın girişi geniş olsa da, içərisinin eni daim dəyişir. İçərisində kiçik bir göl və şəlalə olan bu mağaradakı suyun miqdarı fəsildən fəsilə dəyişir.