AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2022-ci ildə əsas kapitala yönəldilən vəsaitin məbləği AÇIQLANDI

  • + A
  • - A
  • 24-05-2023, 20:23

    2022-ci ildə əsas kapitala yönəldilən vəsaitin məbləği AÇIQLANDI

    Mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
    Azadmedia.az xəbər verir ki, Parlamentin komitə iclasında 2022-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub
    İclasda maliyyə nazirinin müavini Azər Bayramov “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə ətraflı məlumat verib. O, nəzərə çatdırıb ki, 2022-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabat 2022-ci ildə Azərbaycan Respublikasında formalaşmış makroiqtisadi mühiti, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş gəlir və xərclərin, habelə dövlət proqramlarının, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərin icra göstəriciləri, il ərzində dövlət borclanmasına və borclara xidmətə dair vəziyyəti, ehtiyat və məqsədli büdcə fondlarının vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir. Qeyd edilib ki, 2022-ci il sosial-iqtisadi baxımdan xalqımız və dövlətimiz üçün uğurlu olub. Qlobal və regional müstəvidə cərəyan edən mürəkkəb proseslər ölkə iqtisadiyyatına müəyyən təsirlər göstərsə də, bütövlükdə makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi artım meylləri davam etmiş və Ümumi Daxili Məhsulun (ÜDM) həcmi ölkə tarixində ilk dəfə olaraq 100 milyard manatı ötmüşdür.
    Nazir müavini bildirib ki, 2022-ci ildə əsas kapitala yönəldilən vəsaitin məbləği 18,3 milyard manat təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 80,6 faizi daxili mənbələr hesabına formalaşıb, investisiyaların 5,4 milyard manatı neft, 12,9 milyard manatı isə qeyri-neft sektoruna yönəldilib. Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,6 faiz artım qeydə alınıb.
    Qeyd edilib ki, 2022-ci ildə dünya iqtisadiyyatındakı inflyasiyanın təzyiqləri nəticəsində ölkə üzrə orta illik inflyasiya 13,9 faiz təşkil edib ki, bu da əsasən idxal hesabına formalaşan inflyasiyadır.
    Hesabata əsasən, 2022-ci ildə xarici ticarət üzrə əməliyyatların həcmi 56,2 milyard ABŞ dolları olub, bunun 41,7 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 14,5 milyard ABŞ dolları isə idxal əməliyyatlarının payına düşür. Cari əməliyyatlar hesabında 23,5 milyard ABŞ dolları həcmində və ya əvvəlki illə müqayisədə 2,8 dəfə çox profisit qeydə alınıb.
    Diqqətə çatdırılıb ki, 2022-ci il dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat proqnoza qarşı 30679,6 milyon manat və ya 1481,8 milyon manat, 2021-ci ilin dövlət büdcəsinin faktiki gəlirləri ilə müqayisədə isə 4283,4 milyon manat çox icra olunub. Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 22,9 faiz təşkil edib. Dövlət büdcəsinin gəlirlərinin 15543,0 milyon manatı və ya 50,7 faizi Dövlət Vergi Xidmətinin xətti ilə, 5654,6 milyon manatı və ya 18,4 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 7923,0 milyon manatı və ya 25,8 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1559,1 milyon manatı və ya 5,1 faizi digər gəlirlər üzrə daxilolmaların payına düşür.
    Qeyd olunub ki, büdcə gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 15350,0 milyon manat təşkil edir. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmaların 8136,3 milyon manatı və ya 53,0 faizi vergi orqanlarının xətti, 5654,6 milyon manatı və ya 36,8 faizi gömrük orqanlarının xətti, 1559,1 milyon manatı və ya 10,2 faizi isə digər mənbələrdən daxilolmaların payına düşür. Büdcə gəlirlərində neft sektoru üzrə daxilolmalar 15329,6 milyon manat təşkil edib. Neft sektoru üzrə büdcə gəlirlərinin 51,7 faizini və ya 7923,0 milyon manatını Dövlət Neft Fondundan transfert, 48,3 faizini və ya 7406,6 milyon manatını isə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə təmin edilən neft sektorundan daxilolmalar təşkil edib.
    Məlumat verilib ki, 2022-ci ildə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə 11740,0 milyon manat proqnoza qarşı 15543,0 milyon manat icra olunub. Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 5654,6 milyon manat məbləğində vəsait daxil olub ki, bu da 4605,0 milyon manat proqnozla müqayisədə 1049,6 milyon manat və ya 22,8 faiz çoxdur. Fiziki şəxslərdən gəlir vergisi üzrə 1485,0 milyon manat proqnoza qarşı icra 1474,4 milyon manat və ya 10,6 milyon manat az, 2021-ci illə müqayisədə isə 279,8 milyon manat və ya 23,4 faiz çox olub. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 5290,0 milyon manat proqnoza qarşı icra 8522,5 milyon manat və ya 3232,5 milyon manat, 2021-ci illə müqayisədə isə 5564,1 milyon manat və ya 2,9 dəfə çox olub. Qeyri-neft sektorunda mənfəət vergisi üzrə daxilolma 2612,2 milyon manat, neft sektoru üzrə mənfəət vergisindən daxilolma 5910,3 milyon manat təşkil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR