Biz hələ də hesab edirik ki, birbaşa dialoq davamlı və ləyaqətli sülhə nail olmağın açarıdır. Azadmedia.az xəbər verir ki, bunu növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ilə bağlı sualı cavablandırarkən deyib.
Dövlət Departamentinin sözçüsü görüşün cədvəli və ya mümkün tarixi ilə bağlı hər hansı məlumatı təsdiqləməkdən və ya təklif etməkdən imtina edib.
“Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə səy göstərməyə davam etdikcə biz Vaşinqtonda növbəti danışıqlar raundunu səbirsizliklə gözləyirik. Biz inanmağa davam edirik ki, birbaşa dialoq davamlı və ləyaqətli sülhə nail olmaq üçün açardır”, - Patel vurğulayıb.
Xatırladaq ki, 2023-cü il mayın 1-4-də ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Əvvəlcə xarici işlər orqanları rəhbərlərinin ikitərəfli formatda görüşü keçirilib, daha sonra onlara ABŞ-ın dövlət katibi Entoni Blinken də qoşulub.
Daha sonra, mayın 3-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə növbəti görüş keçirib.
Danışıqlardan sonra Blinken Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə oluna biləcəyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.