Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Arlinqtonda keçirilən danışıqların birinci gününün nəticələri konstruktiv olub. Bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.
“Son hadisələr davamlı və ləyaqətli sülhə nail olmağın zəruriliyini vurğuladı. Birləşmiş Ştatlar tərəflərə buna nail olmaqda kömək etməyə sadiqdir və dövlət katibi Blinken sülh prosesində birbaşa iştirak edir.
Birbaşa dialoq problemlərin həlli və davamlı və layiqli sülhə nail olmaq üçün açardır. Xarici işlər nazirləri ilə dünənki görüşlər konstruktiv keçib. Biz sülh danışıqları davam etdikcə bu gün və sabah bu müzakirələri inkişaf etdirməyə davam edirik”, - Patel bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşlərin cədvəlində heç bir dəyişiklik yoxdur.
“Görüşlərin qrafikində heç bir dəyişiklik yoxdur. Biz belə görüşlərin keçirilməsinə çox şadıq. Dövlət katibinin xarici işlər nazirləri ilə görüşmək imkanı olub. Bu, Dövlət Departamentinin fəal şəkildə davam etdirəcəyi bir şeydir”, - Patel əlavə edib.
Eyni zamanda, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sosial şəbəkədə yazıb ki, dövlətlər Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında tərəflərə kömək etmək öhdəliyinə sadiqdirlər.
“Biz Qarabağda insan itkisindən çox narahatıq. Son hadisələr hərbi əməliyyatlardan çəkinməyin, davamlı və ləyaqətli sülh üçün səy göstərməyin zəruriliyini vurğulayır.
Birləşmiş Ştatlar tərəflərə bu məqsədə çatmaqda kömək etməyə sadiqdir”, - Miller bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.