Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken Rusiyanın Qara dəniz taxıl sazişindən “şantaj” vasitəsi kimi istifadə etdiyini irəli sürüb.
Azadmedia.az xəbər verir ki, Entoni Blinken Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında “Qıtlıq və qarşıdurmaların yaratdığı qlobal ərzaq təhlükəsizliyi” mövzusunda keçirilən sessiyaya sədrlik edib.
Belə ki, sessiyadan sonra jurnalistlərin suallarını cavablandıran Entoni Blinken deyib:
"Ərzaqdan müharibə aləti kimi istifadəni dayandırmağı öhdəsinə götürən 91 ölkə birgə bəyanat yayıb. Bu, özü-özlüyündə güclü bəyanatdır və biz başqalarını da qoşulmağa dəvət edirik".
Həmçinin Rusiyanın Qara dəniz taxıl sazişindən “şantaj” vasitəsi kimi istifadə etdiyini irəli sürən və bundan vaz keçməsinin əhəmiyyətini vurğulayan Entoni Blinken Qara dəniz taxılının təkcə Ukraynanın deyil, dünya ölkələrinin taxıl ehtiyacları üçün də çox vacib olduğunu qeyd edib.
Bundan əlavə, Entoni Blinken Rusiyanın yalnız müqaviləni pozmadığını, eyni zamanda Ukraynadakı ərzaq siloslarını bilərəkdən hədəf alaraq taxıl istehsalına mane olduğunu söyləyib.
Bununla belə, “Digər marşrutlardan maksimum şəkildə istifadə etsək belə, Ukraynanın Qara Dəniz Taxıl Təşəbbüsü ilə əldə edə bildiyi imkanlara çatmaq çox çətin olacaq”,- deyə Entoni Blinken qeyd edib.
Qeyd edək ki, Entoni Blinken Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı göstərdikləri səylərə görə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə və Türkiyəyə bir daha təşəkkür edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.