Nigeriya ordusunun Rivers əyalətində həyata keçirdiyi əməliyyat nəticəsində oğurlanmış xam neft daşıyan 3 gəmi məhv edilib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) sözçüsü Edvard Qabkvet verdiyi açıqlamada "Delta Safe" əməliyyatı çərçivəsində ordunun Rivers əyalətində qeyri-qanuni neft hasilatı ərazilərinə hava hücumu təşkil etdiyini bildirib.
Belə ki, Qabkvet qeyd edib ki, əməliyyatda oğurlanmış xam nefti daşıyan 3 gəmi məhv edilib.
Həmçinin bildirib ki, ordu Rivers əyalətinin paytaxtı Port Harkortdakı qeyri-qanuni neft emalı zavodunda neft məhsulları ilə dolu tanker və anbarları da müəyyənləşdirib və obyekti məhv edib.
Bundan əlavə, Nigeriyada yüzlərlə qeyri-qanuni neft emalı zavodu fəaliyyət göstərir.
Ölkənin müəyyən edilmiş neft ehtiyatları təqribən 37 milyard bareldir ki, bu da dünya ehtiyatlarının 3,1 faizini təşkil edir.
Xam neft istehsalında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya ən çox neft ehtiyatına malik 8-ci, neft ixracatında isə 6-cı ölkədir.
Qeyd edək ki, neft yataqlarının yerləşdiyi Delta bölgəsində neft mədənlərində silahlı qruplar tərəfindən təxribat, qarşıdurmalar, adam oğurluğu kimi hadisələr baş verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.