AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Antiterror tədbirləri labüddür

  • + A
  • - A
  • 20-09-2023, 10:24

    Antiterror tədbirləri labüddür

    Məşhur Məmmədov,
    Millət vəkili


    Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri davam edir. Öncə gərginliyin artmasına səbəbləri nəzərdən keçirək. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Dəfələrlə dövlət rəsmilərimiz tərəfindən edilən xəbərdarlıqlara, çağırışlara baxmayaraq antiterror tədbirlərinə təhrik edən erməni təxribatları davam etdi. Son dövrdə sərhədlərimizdə ermənilər Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi ilə kifayətlənmədilər. Mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması səbrimizi daşırdı.

    Sadalanan bütün əməllər Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamlı olmasına sübutdur. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş, yaralananlar var.

    Baş verənlər dövlətimiz, vətəndaşlarımız üçün ciddi təhlükə mənbəyidir. Son aylar mərhələli şəkildə qaçqın və məcburi köçkünlər işğaldan azad edilən, infrastrukturu yenidən qurulan dədə-baba torpaqlarına qayıdır. Bölgədə sülh, sərhəd ətrafı ərazilərdə sabitlik dövlətimiz üçün prioritetdir. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Elə bu səbəblər lokal xarakterli antiterror tədbirlərini qaçılmaz etdi. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
    Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Son sutkanı Müdafiə Nazirliyinin mətbuat xudməti də çox operativ işləyir, əməliyyatlar, məhv edilən terror nöqtələri barədə demək olar ki, anında xəbər tuturuq.

    Yayılan kadrlardan da görünür ki, ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.
    Ermənilərin və onların havadarlarının yersiz hay-küylərinə əsas yoxdur. Vaxtında ordumuz bütün lazımi xəbərdarlıqları etmişdi. Keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.
    Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.

    Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

    44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etdilər.

    Hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz məkrli niyyətlərinə sadiq qalmış, siyasi qüvvələrin Bəyanatına imza atmaqdan imtina etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirdilər.

    Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. Ölkəmiz Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR