Bakı, 26 sentyabr — Azadmedia.azAzərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
Xəbər verdiyimiz kimi, 25-26 sentyabr tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı keçirilir.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Sentyabrın 26-da nazir “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr olunan 12-ci Konfransda çıxış edib.
İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransına yüksək səviyyədə ev sahibliyi etdiyinə və qonaqpərvərliyə görə Qətər Dövləti Hökumətinə və ICESCO rəhbərliyinə, mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Hamad Saniyə təşəkkürünü bildirən natiq daha sonra qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatla əməkdaşlığa xüsusi önəm verir. Eyni zamanda ölkəmizin ICESCO ilə əməkdaşlığı Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın yaxından dəstəyi ilə daha da möhkəmlənir və genişlənir.
“Əlaqələrimizin möhkəmləndirilməsində təşkilatın baş direktoru Salim bin Məhəmməd əl-Malikin də səyləri təqdirəlayiqdir. *Beynəlxalq əməkdaşlıq çərçivəsində Bakıda bu il ICESCO-nun Regional ofisi açılacaq və bu da İCESCO ilə münasibətlərin, bütünlükdə İCESCO gündəliyinin bölgədə təqdim edilməsi baxımından çox vacib bir addımdır ”* deyə qeyd olunub.
Sonra Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsünə ICESCO-nun verdiyi davamlı dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyi bildirilib. Qeyd olunub ki, təşkilat 2011-ci ildən ölkəmizdə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq forumlarında yüksək səviyyədə təmsil olunur. ICESCO-nun 2024-cü ildə ölkəmizdə keçiriləcək növbəti forumda da iştirakının əhəmiyyətli olacağı diqqətə çatdırılıb.
Ölkəmizin tarixi-mədəni zənginlikləri və İslam irsi barədə məlumat verən Adil Kərimli qeyd edib ki, ölkəmizdə İslam mədəniyyəti təkcə qədim dini tikililərdə, onun memarlığında deyil, həm də qeyri-maddi irs və adət-ənənələrimizdə, xalq yaradıcılığında, ədəbiyyat, musiqi, rəqs, xalçaçılıq, tətbiqi sənət, kino və s. sahələrdə özünü göstərir.
Daha sonra çıxışda Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin 30 illik işğalı zamanı buradakı tarixi-mədəni irsin tamamilə dağıdıldığı, mədəni və dini irsin yer üzündən silindiyi, yaxud mənimsəməyə məruz qaldığı diqqətə çatdırılıb. Bölgədə 1000-dən artıq tarixi abidə, o cümlədən 60-dan çox məscidin yerlə-yeksan edilib dağıdılması diqqətə çatdırılıb.
Münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan hərbi birləşmələrinin qalıqları Azərbaycan ərazilərində təhlükəsizliyə və sülhə təhdid yaradırdı. Belə ki, 2020-ci ilin noyabr ayından Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistan hərbi birləşmələrinin yerləşdirdiyi minalar nəticəsində əksəriyyəti mülki şəxslər, o cümlədən jurnalistlər də olmaqla 300-dən çox azərbaycanlı həlak olub. Buna görə də Azərbaycan ötən həftə lokal antiterror tədbirlərinə başlamaq qərarına gəlib və 24 saat ərzində qanunsuz qüvvələrin təslim olmasına və tərksilah edilməsinə nail olub, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiya prosesinə başlanılıb. Bu çərçivədə Azərbaycan hökuməti yerli sakinlərə lazımi humanitar yardım göstərir və təhlükəsiz və dinc reinteqrasiya prosesini təmin etmək üçün lazım olan bütün tədbirləri həyata keçirir.
Sonda nazir Şuşanın 2024-cü il üçün İslam Dunyasının Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar qonaqları Şuşa ilə bağlı video materiala baxmağa dəvət etdi. Şuşa şəhərinin mötəbər tribunadan video- təqdimatı oldu. Təqdimat iştirakçılar tərəfindən alqışlarla qarşılandı.