Oktyabrın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirir.
DİM-dən bildirilib ki, Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə DİM-in təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.
İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) kompüter vasitəsilə keçirilir. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.
İmtahan saat 10:00-da başlanır. Ərizəçi imtahanın başlanmasından azı 1 saat öncə imtahan binasına gəlməlidir. İmtahan binasına daxil olarkən ərizəçi şəxsiyyətini təsdiqləyən sənədi təqdim etməlidir.
Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda ona imtahanın nəticələrinə dair arayış təqdim olunacaq. İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər oktyabrın 2-4-də saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yaza bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.