AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ombudsman tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş dövlət naziri Ruben Vardanyana baş çəkdi - Son dəqiqə

  • + A
  • - A
  • 6-10-2023, 17:09

    Ombudsman tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş dövlət naziri Ruben Vardanyana baş çəkdi -


    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq həbs edilən tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş dövlət naziri Ruben Vardanyana baş çəkib.

    Ombudsman Aparatının oktyabrın 6-da yaydığı məlumatda deyilir ki, oktyabrın 3-də keçirilmiş başçəkmə zamanı Ruben Vardanyan ombudsman tərəfindən fərdi qaydada dinlənilib, müraciətləri yerində cavablandırılıb. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqlarının təmin olunma vəziyyəti monitorinq edilib.

    “O, saxlanma şəraitindən razılığını bildirib, ilkin tibbi müayinədən də keçdiyini və səhhətində hər hansı bir problemi olmadığını qeyd edib. Ailə üzvü ilə telefon danışığı, sovqat qəbulu, kitabxanadan istifadə və informasiyaya çatım imkanları təmin olunub. Eyni zamanda, həbs edilmiş şəxsin istintaq dövründə hüquqlarının müdafiəsi ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirilir. Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərinin iştirak etdiyi başçəkmə çərçivəsində qəbuldan sonra ona öz dilində qanunvericilik aktları, Ombudsmanın səlahiyyətləri və Çağrı Mərkəzinə birbaşa müraciət imkanı ilə bağlı məlumatlandırıcı nəşrlər də təqdim olunub”, məlumatda qeyd edilir.

    Ombudsman Aparatı bildirir ki, başçəkmə çərçivəsində Ruben Vardanyanın müəssisədə saxlanma şəraiti - şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir ayrı-seçkiliyə yol verilmədən hüquqlarının, informasiyaya çatım imkanlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu müəyyən edilib.

    Ruben Vardanyanın vəkili olmuş Faiq Hüseynov Amerikanın Səsinə bildirib ki, Vardanyanın saxlanma şəraitindən narazılığı olmayıb.

    "Onun səhhəti normaldır. Sadəcə hazırda ailəsi mənim vəkilliyimdən imtina edib, başqa vəkil tutub", Hüseynov qeyd edib.

    Ruben Vardanyan sentyabrın 27-də Azərbaycanın "Laçın" sərhəd-keçid məntəqəsində saxlanılıb.

    Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

    Ruben Vardanyan 2022-ci ilin noyabrında tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın "dövlət naziri" təyin edilib, 2023-cü ilin fevralında vəzifəsindən kənarlaşdırılıb.

    Rusiyalı iş adamı Vardanyan "Troyka Dialoq" şirkətinin təsisçisi və "Skolkovo" idarəetmə məktəbinin prezidentidir. O, 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçüb.

    Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın müraciəti üzrə dinləmələr keçirəcək

    Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın müraciəti üzrə dinləmələr keçirəcək.

    Bu barədə Ədalət Məhkəməsinin press-relizində deyilir.

    Məlumata görə, irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq (Ermənistan Azərbaycana qarşı) 12 oktyabr 2023-cü ildə Məhkəmənin yerləşdiyi Haaqadakı Sülh Sarayında dinləmələr baş tutacaq.

    Dinləmələr Ermənistanın müvəqqəti tədbirlərin görülməsi ilə bağlı müraciətinə həsr olunacaq.

    Hər iki tərəf öz şifahi arqumentlərini təqdim edəcək.

    Ermənistan bununla bağlı 28 sentyabr tarixində BƏM-ə müraciət edib. Amerikaninsesi.org


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR