Qarabağdakı separatçıların “liderlər”inin həbsi ilə bağlı məsələ İrəvan ilə Bakı arasında həll olunmalıdır. Çünki saxlanılan şəxslər Ermənistan vətəndaşlarıdır.
Azadmedia.az Yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qondarma qurumun keçmiş “rəhbər”lərinin Azərbaycan tərəfindən saxlanılması və Moskvanın konkret olaraq Ruben Vardanyanla bağlı nəsə tədbir görməyə hazır olub-olmaması ilə bağlı suala cavabında bildirib.
Belə ki, nazir müavini qeyd edib ki, saxlanılan şəxslərin məsələsi Ermənistanla Azərbaycanın hakimiyyət orqanları arasında həll olunmalıdır:
“Ən ümumi şəkildə deyə bilərəm ki, söhbət ilk növbədə Ermənistan vətəndaşlarından və ya Rusiya vətəndaşlığından könüllü olaraq imtina etmiş şəxslərdən gedir. Ona görə də bu məsələlər ilk növbədə bu şəxslərin vətəndaşı olduqları Ermənistanla Azərbaycan Respublikasının hakimiyyət orqanları arasında həll olunmalıdır. Mən toxunmadığım vacib bir məqama da diqqətinizi çəkmək istəyirəm. Bu, o məqamdır ki, rəsmi İrəvan hansısa mərhələdə onun Qarabağ ermənilərinin taleyi ilə heç bir əlaqəsinin olmadığını və bununla bağlı bütün məsələlərin Qarabağın erməni nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında dialoq çərçivəsində həll edilməli olduğunu deməyə başladı. Çox təəssüf ki, bu baş verdi. Mən diqqətinizi buna cəlb edirəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.