Ermənistanı Cənubi Qafqazda forpostuna çevirməkdə israrlı olan Fransa bu istiqamətdə aktivliyini davam etdirir. ABŞ-nin ardınca rəsmi Paris də təlim adı altında Ermənistana hərbçilərini göndərib. İlkin olaraq 56 fransız hərbçi İrəvana göndərilib. Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi bildirib ki, fransız hərbçilər "HOPE FSX2023" təlimlərində iştirak edəcəklər. Məlumata görə, Ermənistana “Dash” tipli iki təyyarə, 8 ton avadanlıq göndərilib. Təlimlərdə Fransa, Yunanıstan, Monteneqro, Şimali Makedoniya və s. ölkələr iştirak edəcək. Hərbi heyətin “mülki təhlükəsizlik” təlimlərində iştirak etmək üçün Ermənistana gəldiyi vurğulansa da bu, fakt rəsmi Parisin İrəvanla hərbi əməkdaşlığı fonunda diqqət çəkir.
Bəllidir ki, son günlər Fransa Ermənistanın təhlükəsizliyində rolunu artırmaq istiqamətində aktiv addımlar atır. Qatı anti-Rusiya siyasi xətti götürən rəsmi İrəvan nəinki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq, hətta Ermənistandakı Rusiya hərbi bazasından yaxa qurtarmağa çalışır. Ehtimallara görə, rusların fransızlarla əvəzlənməsi planı qətiləşə bilər. Bu baxımdan, “mülki təhlükəsizlik” təlimləri üçün Fransadan gələn hərbi heyətin Ermənistana yerləşdiriləcəyi istisna edilmir. Görünən odur ki, Rusiyaya bağlı KTMT təlimlərindən nümayişkaranə şəkildə imtina edən Ermənistan artıq seçimini edib - KTMT, MDB, Avrasiya İqtisadi İttifaqı (Aİİ) kimi təşkilatlarla əməkdaşlığı minimuma endirmək. Bu qurumların da Rusiyanın himayəsi ilə qurulduğu hər kəsə bəllidir.
Keçmiş müstəmləkələrindən biabırçılıqla qovulan Fransa, görünür, Ermənistanda hərbi iştirakını qətiləşdirməkdə israrlıdır. Cənubi Qafqazda sülh prosesinə əngəl olmaqda davam edən rəsmi Paris Ermənistanı ən müasir silahlarla təchiz etməsi də bundan xəbər verir.
Yeri gəlmişkən, Fransanın bölgə ilə bağlı planları, eləcə də destruktiv mövqeyinə dünyaca məşhur “EurAsian Times” nəşri də yer ayırıb. Hərbi ekspert, Erfrut Beynəlxalq Universitetinin magistri Ritu Şarma Fransanın Qafqazı yeni müharibəyə cəlb etmək cəhdindən bəhs edib. Politoloq yazıb ki, Ermənistanı silahlandıran Hindistana Fransa da qoşulub. Paris Ermənistanın KTMT ilə əməkdaşlıqdan imtina etməsi fonunda bu addımı atmağa start verib. Azərbaycan Prezidenti İlham Əliyevin Fransanı sərt tənqid etməsinə yer verən ekspertin də gəldiyi qənaət bundan ibarətdir ki, prezident Emmanuel Makronun hədəfi Cənubi Qafqazda gərginliyin güclənməsidir. İlham Əliyevin “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq” fikirləri də nəşrdə yer alıb.
Ardınca da Ermənistana göndərilən silahların siyahısını təqdim edib. Bura modernləşdirilmiş PİNAKA raket sistemindən tutmuş, ən müxtəlif növ silahlar daxildir. Bu silahın 2020-ci ilin noyabrında sınağı da keçirilib. Müəllif Paris və İrəvanın sıx münasibətlərinin kökündə Fransada yaşayan erməni diasporunun rolu olduğunu xüsusi vurğulayıb. 2001-ci ildə Fransanın Qərb ölkələri arasında qondarma erməni soyqırımını tanıyan ilk ölkələrdən biri olduğunu xatırladıb. “Fransa indiyə qədər Ermənistanı siyasi planda dəstəkləyirdi, lakin indi Paris münaqişə ilə bağlı kursunu dəyişir”, - yazan müəllif bu fonda Fransa xarici işlər naziri Katrin Kolonnanın İrəvana səfəri zamanı səsləndirdiyi bəyanatı xatırladır. Nazir Ermənistanla hərbi sahədə saziş imzalamağa hazır olduqlarını açıq şəkildə bəyan edib. “İmzalanacaq sənəd İrəvana imkan verəcək ki, özünü müdafiə etmək üçün hərbi avadanlıq əldə etsin”, - deyə nazir vurğulayıb.
Beynəlxalq məsələlər üzrə ekspertin gəldiyi qənaət budur ki, Fransa Ermənistanda strategiyasını dəyişib, bunun isə bölgədə gərginliyi artıracağı şübhəsizdir.
Daha sonra Hindistanın Ermənistanla ötən il 250 milyon dollarlıq silah sazişi imzaladığını xatırladaraq bunu rəsmi Delhinin keçmiş münaqişədə iştiraka cəlb olunması kimi qiymətləndirib.
Beləliklə, özünü Fransa lideri kimi yox, daha çox erməni diasporunun oyuncağı kimi aparan Makronun hədəfi bəllidir - Cənubi Qafqaza girmək üçün Ermənistan və Azərbaycan arasındakı münasibətləri gərginləşdirmək. Cənubi Qafqazı yenidən qarışdırmaq Fransanın əsas prioritetidir. Lakin Fransa Afrikada olduğu kimi, bu dəfə də yanılır. Nə Fransanın, nə də ona dəstək verən Almaniyanın bölgəyə aidiyyəti ver, onların burada möhkəmlənməsi perspektivsiz məsələdir. Məğlub Ermənistanı silahlandırıb növbəti müharibəyə sövq etmək cəhdi nəticəsiz başa çatacaq. Ermənistana gəldikdə, məntiqli davranmalı, müharibə yolundan birdəfəlik imtina etməlidir. Bu yoldan imtina etməsə, bir dövlət kimi məhvə sürüklənəcək və yeganə çıxış yolu da qonşularla normal münasibət, sülh, inkişaf yaratmaqdır. Fransa və digərlərinin fitnəsi ilə müharibəyə girmək fəlakətə sürüklənmək, məhv olmaq deməkdir.