Azərbaycanda "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları" və “Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu, yaradılması və aparılması qaydası” təsdiq olunub, Milli Kibermərkəzin qurulması istiqamətində işlər aparılır.
Bunu Dövlət Təhıükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin iştirakçılarına müraciətində bildirib.
Onun sözlərinə görə, kritik informasiya infrastrukturu obyektlərinə qarşı kibertəhdidlər, kiberhücumlar, habelə kiberinsidentlər barədə məlumatları toplamaq, onları sistemləşdirmək, təhlilini aparmaq, kiberinsidentlərə qarşı cavab tədbirləri görmək, o cümlədən baş vermiş kiberinsidentlə əlaqədar rəqəmsal kriminalistik tədqiqatlar həyata keçirmək qarşıya qoyulmuş əsas vəzifələrdəndir.
"Kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnib. Belə ki, 9 indikator üzrə (kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibercinayətkarlığa qarşı mübarizə, rəqəmsal kriminalistika və digər aidiyyəti sahələr üzrə ölkədə həyata keçirilən fəaliyyətlər və s.) əsaslandırılmış təqdimat nəticəsində Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyinin yüksəldilməsinə nail olunub. Belə ki, kibertəhlükəsizlik sahəsində 176 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləyib. Qeyd olunmalıdır ki, bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin hal-hazıradək qazandığı ən yüksək mövqedir. Hazırda həmin reytinq cədvəlində Gürcüstan 44-cü, Ermənistan isə 96-cı yerdədir. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi "Qlobal kibertəhlükəsizlik indeksi 2020" (Global Cybersecurity Index, GCI) reytinqində mövqeyini 15 pillə yaxşılaşdıraraq, 194 ölkə arasında 89.31 xal ilə 40-cı yerdə qərarlaşıb. Həmçinin 2009-cu ildə ratifikasiya edilmiş “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına əsasən 24/7 şəbəkəsi vasitəsilə sübutların toplanması, rəsmi məlumatın təqdim edilməsi və şübhəli şəxslərin yerinin müəyyən edilməsi istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti daim müvafiq işlər həyata keçirir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.