Bakıda fəaliyyət göstərən alkoqollu və alkoqolsuz içkilərin satışı obyektində yoxlama keçirilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 44 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Xəyyam Məhəmməd oğluna məxsus alkoqollu və alkoqolsuz içkilərin topdan və pərakəndə satışı obyektində Agentlik əməkdaşları tərəfindən keçirilən planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Ticarət obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, anbar sahəsində hər biri 300 ml olan “Doğan Ay” əmtəə nişanlı 17 ədəd acılı və 8 ədəd acısız şalğam suyunun etiketlənməsində Azərbaycan dilində məlumatların olmadığı, məhsulların saxlanma şəraitinə əməl edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Azərbaycan dilində etiket məlumatları olmayan məhsulların satışı dayandırılıb, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.