Məşhur Məmmədov,
Millət vəkiliDövlət atributlarımızdan biri Azərbaycanın üçrəngli bayrağıdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Üçrəngli bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir.
Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüslərindən biri də bayrağımızı yenidən özümüzə qaytarıb dövlətimizin atributuna çevirməsi oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etdi.
Az sonra üçrəngli bayrağımız müstəqil Azərbaycanın Dövlət Bayrağı kimi rəsmiləşdirildi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində respublikamızda anarxiyanın, özbaşınalığın qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin edilmiş, ölkənin parçalanmasına yönəlmiş separatçı cəhdlər uğursuzluğa düçar olmuşdur. Üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapmışdır.
Ümummilli liderin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.
Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Aparılan uğurlu xarici siyasət nəticəsində Qloballaşan dünyanın bir çox nüfuzlu qurumlarının qarşısında Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bayraq hər bir vətəndaş üçün müqəddəsdir. Ən uca məqama layiq, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid oğullarımız bayrağa bükülərək son mənzilə yola salınır. Bu il Bayraq Gününü daha çox fəxarətlə qeyd edirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan antiterror tədbirləri nəticəsində bayrağımız Xankəndində, Xocalıda dalğalanır. Dünən Xankəndində keçirilən möhtəşəm Zəfər Paradını qalib ordunun qürurla daşıdığı Azərbaycan Bayrağı daha əzəmətli göstərirdi.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.