AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb

  • + A
  • - A
  • 13-11-2023, 18:18

    Milli Məclisin sədri Sahibə Qafarova ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb

    Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
    Görüşdə Cənubi Qafqaz regionunda vəziyyət haqqında fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Ermənistanın Azərbaycan ərazilərini 30 illik işğalı və onun nəticələri, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti haqqında fikirlərini bildirib. O, 2020-ci ildə Vətən Müharibəsində Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra məhz ölkəmizin beynəlxalq hüququn 5 prinsipinə, o cümlədən ərazi bütövlüyünə və bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə əsaslanan sülh gündəliyini irəli sürdüyünü diqqətə çatdırıb. O, təəssüflə qeyd edib ki, Ermənistan sülhə nail olmaq üçün lazımi siyasi iradə nümayiş etdirməyib. Belə ki, Ermənistan 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəliklərini yerinə yetirməyib, Azərbaycana qarşı hərbi – siyasi təxribatları davam etdirib.
    Milli Məclisin sədri bu ilin sentyabr ayında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror tədbirləri barədə məlumat verib. O, qeyd edib ki, antiterror tədbirləri beynəlxalq hüquq normalarına tam uyğun olaraq həyata keçirilib. Mülki infrastruktura heç bir ziyan dəyməyib və mülki əhaliyə qarşı heç bir zorakılıq faktı qeydə alınmayıb.
    Sahibə Qafarova həmçinin Qarabağın etnik erməni sakinlərinin reinteqrasiyası ilə bağlı Azərbaycan tərəfindən təklif olunan tədbirlər barədə də danışıb. O buna baxmayaraq, Ermənistanın azərbaycanlıların Ermənistana geriqayıtma hüququnu inkar etdiyini diqqətə çatdırıb.
    Spiker Ermənistan tərəfindən törədilən mina təxribatları barədə də danışaraq, bildirib ki, Ermənistan tərəfindən basdırılmış 1 milyondan çox mina bu torpaqlarda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ciddi maneçilik törədir.
    Milli Məclisin sədri görüşdə həmçinin ölkəmizə qarşı müşahidə olunan ikili standartları sərt tənqid edib. O, istər Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 ilə yaxın dövr ərzində, istərsə də ölkəmizin öz torpaqlarını azad etdikdən sonra ötən müddətdə müşahidə olunan ikili standartların qəbuledilməz olduğunu bildirib.
    Görüşdə Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqazın təhlükəsiz və sabit gələcəyi üçün əsas maraqlı tərəfdir və Azərbaycan regionda sülh gündəliyinin irəliləyişinə sadiqdir. Spiker, təəssüflə qeyd edib ki, Ermənistan sülh naminə çalışmaq əvəzinə hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
    O, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasında bütün imkan və platformalardan istifadə etməkdə davam etdiyini bildirib və bəzi beynəlxalq təşkilatlarda Ermənistanın bu yalanlarının dəstək görməsindən təəssüfünü ifadə edib. Sahibə Qafarova vurğulayıb ki, Azərbaycanın guya "etnik təmizləmə" aparması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən iddialar əsassız və yalandır. Spiker qeyd edib ki, real vəziyyəti təhrif edən, nifrət və düşmənçiliyi davam etdirən istənilən cəhdin qarşısı alınmalıdır və vəziyyəti çətinləşdirəcək birtərəfli hərəkətlərdən, bəyanatlardan çəkinmək vacibdir. Milli Məclisin sədri bu çərçivədə ATƏT PA-nın tədbirlərinin Ermənistanın Azərbaycana qarşı yalan təbliğatı üçün bir platformaya çevrilməməsinin əhəmiyyətini qeyd edib.
    Görüşdə ATƏT PA-nın Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması baxımından mümkün rolu barədə də fikirlər səsləndirilib.
    Tərəflər həmçinin Azərbaycan Milli Məclisi ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq məsələləri haqqında da müzakirələr aparıb.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR