Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü 44-günlük Vətən müharibəsində əldə edilən Zəfərin möhtəşəm təzahürlərindən birini də 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından cəmi on gün sonra, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisinin Azərbaycana təhvil verilməsi təşkil etdi. İnsan tələfatının qarşısı alınaraq, əzəli torpağımızın mənfur düşməndən azad olunması nümayiş etdirdi ki, Azərbaycan həm döyüş meydanında, həm siyasi müstəvidə böyük Qələbə qazanıb.
1993-cü il 23 iyul tarixində 42 gün davam edən döyüşlərdən sonra Ağdam ərazisinin 73 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, bunun nəticəsində 128 min insan məcburi köçkün vəziyyərinə düşmüşdür. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmışdır.
Ağdamın işğalı beynəlxalq müstəvidə qətiyyətlə pislənilmişdir və 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edərək, “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb etmişdir. Beynəlxalq hüququ davamlı şəkildə pozan Ermənistan Qarabağla əlaqədar qəbul edilən qətnamələrin icrasından boyun qaçırmışdır. İşğalın ağır nəticəsi və beynəlxalq humanitar hüququn pozuntusu olaraq Ermənistan sil-silə beynəlxalq cinayətlər – soyqırım, insanlıq əlehinə cinayətlər, müharibə cinayətləri törətmişdir. Etnik təmizləmələr həyata kecirən işğalcı Ermənistan Cenevrə Konvensiyalarından irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirmiş, mülkiyyəti talan etmişdir. Əlbəttə ki, Azərbaycan heç zaman işğal faktı ilə razılaşa bilməzdi və düşməni kapitulyasiyaya uğradaraq, Zəfər çaldı, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi.
Tarixi Qələbəmizin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir və həmin Sərəncama uyğun olaraq 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub.
Bu gün dövlətimiz Ağdamda böyük quruculuq işləri həyata keçirir və ən qısa zamanda erməni vandalizminin qurbanı olan və jurnalistlər tərəfindən Qafqazın Xirosiması adlandırılan Ağdam ən möhtəşəm formada bərpa olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.