Bir neçə aydır ki, ölkədə inflyasiyanın artım tempi azalmaqdadır. Rəsmi statistikaya görə, bu ilin yanvar ayında illik inflyasiya 12,5 faiz olmuşdusa, oktyabr ayında bu göstərici 3,9 faiz təşkil edib. İllik inflyasiyanın azalması orta göstəricinin də azalmasına gətirib çıxarıb.
Ümumilikdə qlobal əmtəə qiymətlərinə nəzərə salanda ərzaq qiymətlərinin davamlı azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması məlum olur. Bu da Azərbaycanda da özünü büruzə verir. Gözlənilir ki, azalma gələn il də davam edəcək. 2024-cü ildə orta inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılıb.
Lakin müəyyən məhsullar var ki, onların qiymətləri arta bilər. Buna səbəb Vergi Məcəlləsinə edilən dəyişikliklərdir.
Məcəlləyə edilən dəyişikliklərə görə, siqaret və spirtli içkilərə tətbiq edilən aksiz vergisi artırılır. Dəyişiklik layihəsinə əsasən, aksiz vergisi siqarillanın hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir. Hazırda aksiz vergisi qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.
Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün isə bu vergi 0,25 manatdan 2 manata qaldırılır. Həmçinin içməli spirt, araq , tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4 manatdan 4,8 manata yüksəldilir.
Aksiz müəyyən malların satış qiymətinə daxil edilən dolayı vergi növüdür. Nəticədə verginin artması qiymətə təsirini göstərir.
Qeyd edək ki, bu məhsulların qiyməti cari ildə artıb. Rəsmi statistikaya görə, 2023-cü ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə tütün məmulatları 4,8 faiz, spirtli içkilər isə 3,6 faiz bahalaşıb. Bu müddətdə əhali belə məhsullara 1 milyard 959,6 milyon manat xərcləyib. Alıcıların pərakəndə ticarət şəbəkələrindəki xərclərinin 4,2 faizini siqaret və spirtli içkilər təşkil edib.
Bundan başqa, 2024-cü ildən Azərbaycanda işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərinin 5 faizi qədər deyil, 20 faizi qədər vergi ödəyəcəklər. Nazirlər Nabinetinin müvafiq qərarına görə, işçilərinin sayı 1-10 nəfər, illik gəliri 200 min manatdək olanlar mikro sahibkar hesab olunurlar. Hazırda belə sahibkarların gəlirlərinin 75 faizi vergiyə cəlb olunmur. Məcəlləyə dəyişiklikdən sonra işçilərinin sayı 3-dən az və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olanların gəlirlərinə güzəşt edilməyəcək. Başqa sözlə, bu kateqoriyadan olanların ödəyəcəkləri vergi 4 dəfə artacaq. Bu da özünü belə vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulların və göstərilən xidmətlərin qiymətlərində göstərəcək.
İstənilən halda növbəti ildə də məhsul və xidmətlərin qiymətindəki dəyişikliklər onların ərsəyə gəlməsinə çəkilən xərclərdən asılı olacaq. (“Qafqazinfo”)