Masallı, 31 dekabr — Azadmedia.az
Ərkivan Nərd Birinciliyi keçirildi – VİDEO/FOTOLAR Dünya Azərbaycanlılarının Həmrəyliyi Günün münasibətilə Masallı rayonunun Ərkivan qəsəbəsində Nərd Birinciliyi keçirilib.
Azadmedia.az Asiya.az-a istinadla xəbər verir ki, tədbir iştirakçıları “Ərkivan Şəhidlər Parkı”nı ziyarət edərək abidə kompleksinin qarşısına gül dəstələri düzüblər.
“Portağal” kafedə baş tutan yarış öncəsi Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov açaraq yarış iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il münasibətilə təbrik edib. O, keçirilən yarışın qəsəbə sakinləri arasında birlik, həmrəylik nümayiş etdirmək, asudə vaxtlarının səmərəli təşkili, idmana maraq artırmaqdan ibarət olduğunu bildirib.
Çıxış edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun müdiri Sabiq Cahangirov Azərbaycanın milli idman oyunlarından sayılan nərd idman yarışında iştirak edən hər kəsə uğurlar arzulayıb.
Sonra yarışa start verilib.
Gərgin keçən yarışda Əliyev Ağamir Mirələm oğlu 1-ci yerə, Kazımov Rahim Əyyar oğlu 2-ci yerə, Hüseynov İntiqam Yusif oğlu isə 3-cü yerə layiq görülüb.
“Shark Logistics” Beynəlxalq Nəqliyyat və loqostika şirkətinin sponsorluğu ilə keçirilən yarışda qaliblərə medallar, diplomlar, 1-ci yerin sahibinə 300 azn, 2-ci yerin sahibinə 200 azn, 3-cü yerin sahibinə 100 azn pul mükafatı verilib.
Bundan savayı yarışda fəal iştirakına görə Amid İbadov, Anar Rəcəbov və Əjdər Eynullayev diplomlarla təltif edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.