İranda fevralın 14-də əsas funksiyası ölkənin ali liderini seçmək olan hökumət orqanına - Ekspertlər Şurasına namizədlər üçün seçki kampaniyası başlayıb.
Seçki gününə üç həftədən az vaxt qalıb və səsvermə parlament seçkilərilə paralel keçirilməlidir.
Tənqidçilər iddia edirlər ki, İran rəhbərliyi güclərin mümkün balansı ilə bağlı rəy sorğularının təfərrüatlı nəticələrinin dərcinə qadağa qoyub, çünki fəallığın səviyyəsi son dərəcə aşağı olacağı gözlənilir. Ekspertlərin fikrincə, mühafizəkar qanad siyasi sahədə total təmizləmə aparır.
Ekspertlər Şurasına seçki kampaniyası 15 gün davam etməlidir. Rəsmi məlumatlara görə, İranın bütün əyalətlərindən ümumilikdə 500 iddiaçı namizəd olmaq üçün ərizə təqdim edib.
Bununla belə, tənzimləyici orqan olan Konstitusiyanın Mühafizəçiləri Şurası yalnız 144 namizədin seçkiyə qatılmasına icazə verib. Filtrdən keçməyənlər arasında İranın keçmiş prezidenti Həsən Ruhani də var. O, Qərblə məhdud əməkdaşlıq konsepsiyasının tərəfdarı hesab olunur. Onun seçkiyə buraxılmaması İran dövlətinin kəskin anti-Qərb xəttini davam etdirəcəyini göstərir.
Səkkiz ildən bir keçirilən Ekspertlər Şurasına seçkilər martın 1-nə təyin edilib. Bundan sonra parlamentdə səsvermə keçirilməlidir. Əvvəlki seçkilərdə mandatların əksəriyyətini almış mühafizəkar düşərgə üçün bu, 2022-2023-cü illərin izdihamlı etiraz hərəkatının başlanmasından bəri ilk dəfə güc sınağı olacaq.(Musavat)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.