Ülvi Quliyev
Millət VəkiliHər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir və bütün bunlar dünyanın diqqətindən yan keçmir.
XI Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla eyni sıradadır.
Ölkəmizdə XI Bakı Qlobal Forumunun keçirilməsi təbii ki, Azərbaycanın qlobal problemlərin müzakirə olunduğu ölkə kimi statusunu gücləndirir. Məlumdur ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Qeyd edim ki, Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Əlbətdə ki, ölkəmizin belə forumlara ev sahibliyi etməsi, həmçinin ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlət başçımızın siyasətinə dəstəyin ifadəsi kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin cari ilin 14 mart tarixində “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışında vurğuladığı kimi, ümumiyyətlə, dünya sürətlə dəyişir. Həmçinin yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxmaqla bərabər, geosiyasi dəyişikliklər baş verir. Bütün bunlarla yanaşı, regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, lakin, onların daha geniş fəsadları var. Uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik.
Belə ki, uzun illər ərzində, o cümlədən II Qarabağ müharibəsindən əvvəl hər il ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Ancaq təəssüflə qeyd etməliyik ki, keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. İndi biz keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçınılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub.
Eyni zamanda, münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi Ermənistan hökumətlərinin 1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi qeyri-konstruktiv mövqeyi idi. Dünyanın aparıcı paytaxtlarından bizə mütəmadi olaraq göndərilən başqa bir mesaj da var idi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Əfsuslar olsun ki, münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu. Beləliklə, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. Hazırda biz, Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, II Qarabağ müharibəsinin nəticəsidir. Əslində, son 3-4 il ərzində Azəebaycanda baş verənlər təkcə lokal xarakter daşıyan bir məsələ deyil. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər.
Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumunda çıxışı, səsləndirdiyi fikirlər bir daha mövcud yanaşmaların nizamlanmasına, dünyada dayanıqlı sülh sisteminin təşkili işinə növbəti çağırış, Azərbaycanın dünyada təhlükəsizlik və əmin-amanlığın carçısı olan bir ölkə olduğunun əyani sübutudur.