AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Novruz bayramı” - “Bəşəriyyətin mənəvi dəyəri”

  • + A
  • - A
  • 19-03-2024, 08:59

    “Novruz bayramı” - “Bəşəriyyətin mənəvi dəyəri”

    Ülvi Quliyev
    Millət Vəkili


    Elimizin, obamızın əziz bayramı olan “Novruz bayramı” Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən qədim xalq bayramıdır.
    Bu bayram ölkəmizdə mənşəyi ən qədim bayramlardan biridir.

    Şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunan Novruz bayramı, 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi gün sayılır. Məhz, bu gündə qədim zamanlardan bir sıra xalqlar elə həmçinin biz azərbaycanlılar da yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmişik. Bu bayram təkcə ölkəmizdə yox həmçinin İran, Əfqanıstan, Tacikistan və bütün Mərkəzi Asiya ölkələrində qeyd olunur. Qeyd edim ki, İran və Əfqanıstan təkcə bununla kifayətlənmirlər, həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il onlarda 21 mart tarixində başlayır.

    Onu da nəzərə çatdırım ki, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı, UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına alınmışdır. Əlbətdə ki, ümumbəşəri dəyərləri, həmçinin sülhü və tolerantlığı tərənnüm edən bu bayramda milli adət-ənənəyə görə küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayırlar. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də məmnuniyyətlə, davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur.

    Təkcə bununla deyil, Novruz bayramı ölkəmizin siyasi proseslərində bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Bu bayram münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri arasında qarşılıqlı bayramlaşma həm də, ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.


    Ümummilli Liderimiz Heydər Əliyevin 21 mart 2000-ci ildəki çıxışında vurğuladığı kimi, “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.”

    Bəli, bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Məhz, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz tonqalını yandırır və bu gözəl bayramı qeyd edirik..
     
    Bayramınız mübarək!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR