Novruz bayramının qeyd olunması ilə birlikdə ölkəmizə yaz gəlib.. Əlbətdə ki, yazın gəlişi ölkənin təsərrüfat sahələrinin işində böyük canlanmaya səbəb olub. Hazırda respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, istər lazımi qurumlar, istərsə də vətəndaşların təşəbbüsü ilə hər yerdə səliqə-sahman yaradılır. Sözsüz ki, görülən bütün işlər sadəcə kampaniya xarakteri daşımır, şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bu hal da təsadüfi deyil. Çünki ölkə Prezidenti İlham Əliyevin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri tərəssüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Təbii ki, son zamanlar ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər və qəsəbələrin simasına əlavə yaraşıq gətirir. Bu baxımdan paytaxtın Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində sakinlərin gördüyü işlər də xüsusilə diqqəti cəlb edir.
Bəli, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 8 N-li binada sakinlər öz imkanları hesabına yaşıllıqlar salıb, abadlıq işləri həyata keçiriblər.
Azadmedia.az xəbər verir ki, Müşfiqabad qəsəbəsində yerləşən 8 N-li binanın sakinləri tərəfindən ilk növbədə ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənərək əkin üçün hazır vəziyyətə gətirilib.
Belə ki, 8 N-li binanın sakinləri tərəfindən öz imkanları hesabına həmin əraziyə iqlim şəraitinə uyğun olaraq alınmış olan ağaclar əkilib və lazımi şəraitdə qulluq edilib.
Qeyd edək ki, Müşfiqabad qəsəbəsi sakinlərinin belə bir təşəbbüsü olduqca təqdirəlayiq haldır.