Dövlət Turizm Agentliyinin təşkil etdiyi media-turla Naxçıvana səfər zamanı baş çəkdiyimiz yerlərdən biri Bəhruz Kəngərli Muzeyi idi. Muzey Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərlinin əziz xatirəsinə yaradılıb. Binanın daha bir özəlliyi o idi ki, 1938-1939-cu illərdə Ümummilli Lider Heydər Əliyev bu binada (o zamankı Naxçıvan Pedaqoji Texnikumunda) təhsil almışdır. 2002-ci ilin 18 iyun tarixində Ulu Öndər bu muzeyin açılışında iştirak edib.
İkimərtəbəli binanın birinci mərtəbəsində 7, ikinci mərtəbəsində isə 5 otaq yerləşir. Muzeydə 63-ü rəssamın əsərlərinin orijinalı olmaqla 1300-dən artıq eksponat nümayiş etdirilir.
Muzeydə Ümummilli lider Heydər Əliyevin xatirə otağı var. Orda onun şəxsi əşyaları, bir çox sənədlər saxlanır.
Mənimsə diqqətimi orda bir rəsm cəlb etdi. Rəsmdən qayğısız məktəbli qız gülümsəyirdi. O qədər təbii alınmışdı ki, məsum üzlü bu qız sanki qarşımızda gülümsəyirdi.
Rəsmin çəkilməsi tarixindən bizi qərinələr ayırır. Bizə təbəssümlə baxan qayğısız məktəbli qız Zərifə xanım Əliyevadır. Rəsm 1942-ci il aprelin 27-də çəkilib. Muzey əməkdaşlarının məlumatına görə Zərifə xanım görkəmli alim Həsən Əliyevgilə qonaq gələndə bu rəsm ərsəyə gəlib.
Ulu öndər Heydər Əliyev müsahibələrində də qeyd edir ki, Zərifə xanım çox gənc olanda onun diqqətini cəlb edib. Zərifə xanımı qardaşı Həsən Əliyev vasitəsilə tanıyıb. Zaman keçdikcə bu məhəbbət illərin çətin sınaqlarına sinə gərib möhkəm ailə təməlini yaradıb. İşğalda qalan torpaqları geri alması ilə adını tarixə qızıl hərflərlə yazdıran sərkərdəmiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevi yalnız təməli möhkəm, saf, sınaqlardan üzüağ çıxan sevgi dolu ailə bəxş edə bilərdi Azərbaycana.
Tibb elminə həsr olunmuş şərəfli ömür kitabında ailəsinə də ön səhifələrdə yer ayıran Zərifə xanımı sədaqətli ömür-gün yoldaşı Heydər Əliyev belə xarakterizə edirdi:
"Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar".Cənab Prezident İlham Əliyevin rus dilində bir video-müsahibəsi vardı. Müxbir sual verir, zamanı geri qaytarmaq olsa, nə edərsiz? Düşünmədən deyir anamı qaytarardım... Təəssüf ki, milli kadr hazırlığı prosesində fəal iştirak edən, M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadın, yaşadığı dövrdə geniş yayılan traxomanın sosial xəstəlik kimi ləğv olunmasının səbəbkarı Zərifə xanım həyatdan tez köçüb.
Onun ömrünün son aylarını oğlu, möhtərəm prezidentimiz belə xatırlayır:
"Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi.
Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.Dövlət və xalq qarşısında əvəzsiz xidmətləri ilə yanaşı, bizə torpaqlarımızı işğaldan azad edib qürurumuzu özümüzə qaytaran dövlət başçısı bəxş edən Akademik Zərifə xanım Əliyevanın xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!
Elnurə Abuşova