Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 3871 nəfərdir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Qeyd edilib ki, onların 2047 nəfəri Çernobıl AES-də hərbi xidmətlə, 1824 nəfəri isə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Nazirlik tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin mənzillə və avtomobillə təminatı həyata keçirilir.
Həmçinin bu kateqoriyadan olan şəxslərə Prezidentin aylıq təqaüdü (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manat, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manat) ödənilir.
Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (200 manat, I dərəcə gözdən əlilliyi olanlar 300 manat) ilə təmin olunur.
Hər iki qrupa aid əlilliyi olan şəxslər əlilliyə görə pensiya, bir qismi isə əlilliyə görə aylıq müavinət (əlillik dərəcələri üzrə müvafiq olaraq 270 manat, 220 manat, 150 manat), bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (100 manat) ödənilir.
Qeyd edək ki, aparılan islahatlar nəticəsində son 5 ildə pensiyaların orta aylıq məbləği 2 dəfədən çox, müavinət və təqaüd ödənişləri isə 5 dəfə artıb.
Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, həmçinin Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət də verilir.
Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin hər il birdəfəlik müavinətlə, həmçinin tibbi-sosial reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı da həyata keçirilir.