AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

COP29 və yaşıl artım ölkəsi

  • + A
  • - A
  • 29-04-2024, 12:56

    COP29 və yaşıl artım ölkəsi

    Bu il ölkəmiz olduqca mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, COP29 (Conference of the Parties; Tərəflərin konfransı) noyabrın 11-dən 22-dək Bakıda keçiriləcəkdir. COP İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının (UNFCCC) qərar qəbul edən orqanıdır. Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin iqlim dəyişikliyinə qarşı mübarizədə əldə etdiyi irəliləyişlərin müzakirəsi və nəzərdən keçirilməsi bu konfransın əsas məqsədidir.
    Azərbaycanın beynəlxalq tədbirləri təşkil etməkdə böyük təcrübəsi olsa da, lakin qeyd etmək lazımdır ki, COP29 bunların arasında xüsusilə əhəmiyyətlidir. İlk öncə bu məqamı qeyd etməliyik ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar lokal antiterror əməliyyatları həyata keçirildikdən iki ay sonra, beynəlxalq aləmin yekdil razılığı ilə qəbul edilmişdir. Bu isə prezident İlham Əliyevin də qeyd etdiyi kimi dünya ictimaiyyətinin Azərbaycana olan dəstəyini ifadə edir. Həmçinin bu tədbirin keçirilməsi Azərbaycanın yaşıl keçid istiqamətində apardığı fəaliyyətin, bu sahəyə olan töhfənin bir növ qiymətləndirilməsidir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bu çərçivədə ölkəmizin hər tərəfində maarifləndirici tədbirlər, ağacəkmə aksiyaları, konfranslar, forumlar və digər bir çox silsilə tədbirlər həyata keçirilmiş və keçirilməyə də davam edir. Azərbaycan Dövlət İqtisad Universisteti tərəfindən də 2024-cü il “Yaşıl UNEC” ili elan edilmiş, 6 məqsəd üzrə 30-a yaxın müxtəlif tədbir və layihəni əhatə edən Tədbirlər Planı təsdiq edilmişdir. Seminarlar, bu mövzuya həsr olunmuş “Xəmsə” intellektual yarışı, “Green energy UNEC days” kimi bir çox layihələr, ağacəkmə aksiyaları həyata keçirilmişdir. Bundan əlavə olaraq UNEC “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsinin koordinatoru seçilmişdir.
    Ancaq bunlar müvafiq istiqamətdə Azərbaycanda atılan ilk addımlar deyildirlər. 2003-cü ildə “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram” qəbul edilmiş, 2010-cu il “Ekologiya ili” elan olunmuşdur. Ətraf mühit məsələləri barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq kimi məqsədlər daşıyan “İDEA” (“Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” İctimai Birliyi) 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-in beşinci maddəsi “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” olmaqla bağlıdır. Bu prioritet daxilində strateji dövrdə aşağıdakı iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır:
    Yüksək keyfiyyətli ekoloji mühit:
    Ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır.
    Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılmalıdır.
    İqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməlidir. Ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir.
    Yaşıl enerji məkanı:
    Strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaqdır. Bunu nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir.
    İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcəkdir.
    Bu prioritetin uğurla həyata keçirilməsi üçün bir sıra perspektivlər müəyyən edilmişdir:
    Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
    İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
    Ölkəmizdə həm enerji təminatı məsələsində, həm də iqtisadiyyatda qalıq yanacaqlara böyük asılılıq olsa da, külək və günəş enerjisi kimi yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
    SOCAR-ın ölkə ərazisində müəssisələrdə təbii qazdan istifadənin azaldılması üçün elektrik kabellərinin dəniz platformalarına birləşdirilməsi üzrə layihəsini, eləcə də Azərbaycandan Avropaya yaşıl enerjinin nəqli üçün Qara dənizin dibi ilə sualtı kabelin tikintisi layihəsini həyata keçirməyi planlaşdırır və s.
    Ümumən COP29 Azərbaycanda istixana qazlarının emissiyasının azaldılması, iqlim dəyişikliyinə qarşı mübarizə, işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, iqtisadiyyatın bir çox sahələrində yaşıl keçid infrasturukturunun təkmilləşdirilməsi, xüsusən də yaşıl enerjiyə keçid istiqamətində həyata keçirilən fəaliyyətlərin genişləndirilməsi üçün beynəlxalq kommunikasiyanın və əməkdaşlığın qurulması və beynəlxalq təcrübənin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda bu konfrans regional sülh və əməkdaşlıq üçün də yeni qapılar aça bilər.

    Sara Səttar
    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsinin “Maliyyə” ixtisası üzrə təhsilin III ili, 682 saylı qrup tələbəsi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR