AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Önəmli olduğu qədər tarixi gün

  • + A
  • - A
  • 17-05-2024, 14:08

    Önəmli olduğu qədər tarixi gün

    Məşhur Məmmədov
    Milli Məclisin deputatı


    May ayının ilk ongünlüyündə Azərbaycanda bir neçə önəmli hadisə baş verdi. Onlardan biri önəmli olduğu qədər tarixi idi. Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdı.

    Şuşa bizim əyilməz qürurumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.

    Şuşa alınan gündən orda genişmiqyaslı quruculuq işləri gedir.

    Hər addımda hiss edilir ki, Şuşanın dirçəldilməsi geniş vüsət alıb, görülən işlər dövlət başçısının diqqət mərkəzindədir. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun layihələr əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.

    Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilib.

    Ulu öndərin doğum günündə Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin və torpaqlarının bütövlüyünün bərpa edilməsində böyük rol oynayan Şuşa şəhərinə səfər edərək burada yaşayan ilk sakinlərlə görüşdü. Bu görüşdə cənab Prezident Şuşanın tarixi, mədəni-tarixi abidələri və inkişaf perspektivləri ilə bağlı danışmış, şəhərin bərpası üçün sürətləndirilmiş layihələrlə tanış olmuşdur.

    Ölkə rəhbəri Şuşanın bərpa prosesindən sonra şəhərin xarici və daxili turizm mərkəzi kimi fəaliyyət göstərəcəyini qeyd edərək, bura gələn turistlərin regionun mədəni və tarixi zənginlikləri ilə tanış olacağını vurğuladı. Şəhərin infrastrukturunun yenidən qurulması, mədəniyyət və turizm sektorunda yüksək standartların təmin edilməsi barədə də ölkə rəhbərinə məlumat verildi.

    Bu görüş, Azərbaycanın tarixi ərazi bütövlüyünün bərpa edilməsi prosesində Şuşa şəhərinin mühüm rolunu bir daha önə çəkdi. Görüşdə səslənən fikirlər bölgənin mədəniyyət, turizm və iqtisadiyyat sahələrindəki potensialını artırmağa yönlənmiş layihələrə gələcəkdə də yer ayrılacağına bir mesaj idi.

    Şuşanın tarixi abidələrinin bərpasına müharibədən dərhal sonra başlanılmışdır. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin düşmən tərəfindən vandallıqla dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur.

    Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir.

    Prezident İlham Əliyevin cari ilin 10 may tarixində Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşündə qeyd etdiyi kimi, Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa, Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR