“Azərbaycanın ev sahibliyi etdiyi, eyni zamanda, digər ölkələrdə keçirilən tədbirlər ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatı olur. Bu baxımdan ki, həmin tədbirlərin harada keçirilməsindən, hansı mövzunu əhatə etməsindən asılı olmayaraq daim diqqət Azərbaycana yönəlir. Təbii ki, buna əsas verən ölkəmizin davamlı uğurlarını şərtləndirən siyasətidir. Dövlət başçısı İlham Əliyev iyunun 4-də 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadığı çətinliklərdən, təhlükələrdən, vətəndaş müharibəsinin ölkəni uçuruma aparmasından bəhs edərək 1993-cü ili dönüş nöqtəsi kimi qeyd etdi. Həmin ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, oktyabr ayında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaların cəlb edilməsi həmin dövrün reallıqları idi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını daha da genişləndirərək beynəlxalq miqyas alır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək, iqtisadiyyatını inkşaf etdirmək istəyi iştirakçısı və təşəbbüsçüsü olduğu, həmçinin icrası uğurlu sonluqla başa çatdığı layihələrdə özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizə davamlı uğurlar qazandırır, siyasi mövqeyini daha da möhkəmləndirir.”
AzadMedia.az xəbər verir ki Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkili qeyd edib ki, builki Bakı Enerji Həftəsi əhəmiyyətli hadisəyə təsadüf edir: “Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövrdə enerji sektorunda qazandığımız uğurlar, dünyanın enerji xəritəsini dəyişən layihələr, Azərbaycanın hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması istiqamətində atdığı addımlar geniş təhlil ediləcək. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, “Əsrin müqaviləsi”nin imzalanmasından öncə ilk Xəzər Neft və Qaz Sərgisi keçirildi ki, bu, Azərbaycanın iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev sözügedən tədbirdəki çıxışında qeyd etdi ki, “Əsrin müqaviləsi” iqtisadiyyatımıza sanki bir nəfəs verdi. İqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsaq, onun enerji siyasətimizlə koordinasiyasını görərik. Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə, əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı.”
Əliabbas Salahzadə vurğulayıb ki, enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir: “Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Dövlətimizin başçısı çıxışında bu məqamı da xüsusi vurğuladı ki, Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir. İdxaldan asılı olan ölkələr ən etibarlı və uzunmüddətli tərəfdaşlar, müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.”
Millət vəkili bildirib ki, dünya Azərbaycanla bir yerdədir: “Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coxrafiyasının genişlənməsi göz qabağındadır. ABŞ, Avropa İttifaqı, Türkiyə, Ərəb-islam dünyası birliyi, əməkdaşlığı günümüzün reallıqları sırasındadır. ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda günümüzün reallıqlarına və qarşıdakı dövrün hədəflərinə işıq salınır. Məktubda bildirilir ki, builki tədbirlər Bakının noyabr ayında həlledici COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşdığı dönəmdə xüsusi əhəmiyyət kəsb edir. Temperatur artımının 1,5 dərəcədə saxlanılması hədəfinə nail olunması istiqamətində birgə işlədiyimiz bir vaxtda COP29 neft və qaz sektorunda metan tullantılarının məhdudlaşdırılması və təmiz enerji keçidinin irəlilədilməsi kimi əsas qlobal təşəbbüslərin inkişafı baxımından Azərbaycan üçün misilsiz imkan təqdim edir. Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət, sadiqlik məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər.”
Əliabbas Salahzadə belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan qlobal aktor rolunda çıxış edir, yeni əməkdaşlıq şəbəkəsinin yaradılmasında maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Ölkəmizin enerji diplomatiyasının uğurları qarşıdakı dövrün hədəfləri barədə aydın təsəvvür yaradır.