14 iyun 2024, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə 13-14 iyun tarixlərində Bakı şəhərində Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan mərkəzi banklarının nümayəndələrinin iştirakı ilə regional tədbir təşkil olunub. Bu tədbir çərçivəsində mərkəzi bankların ödəniş sahəsi üzrə ekspertləri arasında təcrübə mübadiləsi baş tutub və qlobal ödəniş trendlərinə dair müzakirələr aparılıb.
Tədbir çərçivəsində Azərbaycanın ödəniş sektorunda baş verən yeniliklər, qanunvericilik bazasının təkmilləşdirilməsi, nağdsız ödənişlərdən istifadə trendləri, tətbiq olunan innovativ ödəniş həlləri, fintexlərin ödəniş bazarına cəlb edilməsi, eləcə də Milli Ödəniş Sisteminin əhatəliliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlar diqqətə çatdırılıb.
Həmçinin rəqəmsal valyutaların tətbiqi imkanları, ani ödəniş sistemlərindən istifadənin artırılması, açıq bankçılıq modelinin fintexlərin inkişafında rolu, maliyyə sektorunda müasir tənzimləmə texnologiyalarının tətbiqi, mərkəzi banklar arasında kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin genişləndirilməsi kimi mühüm məsələlərə dair müzakirələr də yer alıb. Görüşlərdə Azərbaycan və Orta Asiya mərkəzi bankları arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib və ölkələrin ödəniş infrastrukturunun inteqrasiya imkanları da müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.