Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib. Sonra Serbiya şairi və yazıçısı Milorad Paviçin heykəli ziyarət olunub, önünə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahında Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun qarşısından təntənəli keçiddən sonra Azərbaycan və Serbiyanın Dövlət himnləri səsləndirilib. General-polkovnik K.Vəliyevin serbiyalı həmkarı ilə görüşü keçirilib.
Görüşdə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Dana sonra general-polkovnik K.Vəliyev Serbiya Respublikasının müdafiə naziri cənab Bratislav Qaşiç ilə görüşüb.
Müdafiə naziri ilə görüşdə hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.
Qeyd edək ki, keçirilən görüşlərdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev də iştirak edib. Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya səfəri davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.