DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,
- Fevralın 28-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 198, o cümlədən borclu şəxs qismində axtarışda olan 142 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.
***
Fevralın 28-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Fevralın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 7 tüfəng, 3 qumbara, 2 süngü-bıçaq, 2 alışdırıcı, 17 patron darağı və 1873 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
***
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 28-də ümumi çəkisi 4,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
***
Polis əməkdaşlarının fevralın 28-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
***
Lənkəranda da qarlı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır, hərəkətin təhlükəsizliyi məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Sürücü və piyadaların rahat hərəkətini və mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək məqsədi ilə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən fasiləsiz xidmət təmin edilir.
Vətəndaşlara lazımi köməkliklərin göstərilməsi və yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
***
Mövcud hava şəraiti ilə əlaqədar bölgələrdə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, xüsusilə qarın daha çox yağdığı dağlıq və dağətəyi rayonlarda, magistral yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür.
Həmçinin piyadaların rahat və təhlükəsiz şəraitdə mənzil başına çatmaları üçün lazımi köməklik göstərilir.
***
Lənkəranda 10 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 37 yaşlı Ağa Ağayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 10 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla A.Ağayevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.
Həyata keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Elşad Səfərov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 8 ədəd patron və daraq aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
***
Çanta oğrularını polis saxladı
Səbail rayonu Ə.Əlizadə küçəsində bir nəfərin içərisində 1200 manat pul və mobil telefon olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı V.Hacıyev və 23 yaşlı M.Abdullayeva müəyyən olunaraq saxlanılıblar.
Yasamal rayonu ərazisində də analoji hadisə baş verib. Ayrı-ayrı vaxtlarda rayon sakinlərinin ümumilikdə 2900 manat pul, həmçinin bank kartları və sənədlər olan çantalarını talayan şəxsləri polis əməkdaşları qısa müddət ərzində müəyyən ediblər. Belə ki, hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı A.Əhmədov və 40 yaşlı M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Faktlarla bağlı araşdırma aparılır.
***
Bank kartından pul oğurlayan şəxslər saxlanıldı
Fevralın 27-də Xəzər rayonu ərazisində bir nəfər itirdiyi bank kartından 556 manatının oğurlanması barədə polisə məlumat verib. Daxil olan məlumat əsasında keçirilən tədbirlərlə əməli törətən şəxsin kimliyini müəyyən etmək mümkün olub. Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları bank kartından oğurluq edən 21 yaşlı Ə.Kərimovu müəyyən edərək saxlayıblar.
Rayon ərazisində bir nəfərə məxsus bank kartından 400 manat pul talamaqda şübhəli bilinən 55 yaşlı C.Cəfərov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı 1 ədəd avtomat aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Oğuzda narkotik alverçiləri tutulub*
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlərlə narkotiklərin satışı ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 48 yaşlı Zaman Mabudov və 41 yaşlı Samir Mustafayev saxlanılıb. Onlardan narkotik vasitə marixuana aşkar olunub. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyatlar nəticəsində isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər tutularaq istintaqa təhvil verilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
***
Füzulidə narkokuryerlik edən șəxs saxlanıldı
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Elçin Abbaslı saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, E.Abbaslıdan 9 kiloqram 720 qram marixuana, 3 kiloqram 500 qram tiryək və 100 ədəd metodon həbi aşkarlanıb. O, şəxsiyyəti istintaqla araşdırılan İran sakini vasitəsi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. E.Abbaslı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
***
Qaradağ rayonunda kafedə qumarxana təşkil edənlər saxlanıldı
Qaradağ Rayon Polis İdarəsinə (RPİ) Lökbatan qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Görülən tədbirlərlə qumar oyunlarını təşkil edən həmin obyektin sahibi 40 yaşlı Ural Hüseynov və daha 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.
U.Hüseynov barəsində Qaradağ RPİ-də istintaq araşdırmaları aparılır.
Digər şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
***
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı
Havanın qarlı və şaxtalı, küləkli və yağışlı olması fərq etməz, əməkdaşlar 7/24 iş başındadırlar.
Yol hərəkəti iştirakçılarının təhlükəsizliyi məsələsi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin daim diqqətindədir. Xüsusilə də qarlı havalarda, buzlu yol şəraitində baş verən hadisələr zamanı sıradan çıxan svetoforların yeniləri ilə əvəz edilməsi işləri aparılır, texniki nasazlıq səbəbindən yaranan problemlər qısa müddət ərzində həll edilir.
Paytaxt ərazisində soyuq hava şəraitinin başladığı gündən 26 fevral tarixinə qədər qəzalar zamanı 5 svetofor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib. Hazırda da paytaxt yollarında svetoforlar diqqətdə saxlanılır, mütəmadi olaraq ərazilərə həm müşahidə kameraları vasitəsi ilə, həm də yerində baxış keçirilir.