AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb... - Qubada DƏHŞƏT

  • + A
  • - A
  • 25-01-2018, 13:06

    Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb... - Qubada DƏHŞƏT















    Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri – Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Publika.az xəbər verir ki, Mayıs Ağaməmmədov əvvəllər dostluq münasibətlərində olduğu həmkəndlisi Əhəd Salahov ilə bir qrup şəxs kimi qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib, onunla birlikdə 2016-cı ilin yanvar ayının 6-dan 7-nə keçən gecə Quba rayonunun 1-ci Nügədi kəndində Akif Ağabalayevin ikimərtəbəli evinin damından içəri daxil olublar.

    Silah oğurluğu

    Onlar ikinci mərtəbədəki otaqdan Akif Abdullayevə məxsus bir ədəd 12 kalibrli, “747921” №-li, “STOEGER” modelli, “Vinçester” sistemli, nasaz, atəş etmək üçün yararsız vəziyyətdə olan hamar-yivsiz, təklüləli ov silahını, bir ədəd 12 kalibrli, “13178” №-li, “TOZ34” modelli, alt lüləsi nasaz olmaqla atəş açmaq üçün yararsız, üst lüləsi isə saz olmaqla atəş açmaq üçün yararlı vəziyyətdə olan hamar (yivsiz) qoşalüləli ov silahını, döyüş sursatı olan 28 ədəd patronu, bir ədəd patrondaşını, Akif Ağabalayevin mərhum qardaşı İlham Ağabalayevə məxsus bir ədəd Rusiya istehsalı olan, 5,6 mm kalibrli, “81396” nömrəli, “TOZ-8” modelli, sürüşkən tək-tək atılan, yivli, odlu idman-ov silahını talayaraq, həmin tarixdə odlu silah olan bir ədəd “81396” nömrəli, “TOZ-8” modelli, yivli, odlu idman-ov silahını digər taladıqları əmlakla birlikdə ələ keçiriblər. Həmin əmlakları Mayıs Ağaməmmədovun yaşadığı Quba rayonunun 1-ci Nügədi kəndindəki evinə gətiriblər və 30 mart 2016-cı il tarixədək orada saxlayıblar.

    Əxlaqsızlıq və dava

    Mayıs Ağaməmmədov 30 mart 2016-cı il tarixdə, saat 02.10-da, 17 mart 2016-cı il tarixdə, saat 14 radələrində Quba rayonu, 1-ci Nügədi kəndinin mərkəzində yaxınlığında əmisi Seyidağa Ağaməmmədovun nəvələri – Orxan Ağaməmmədov və Sərxan Ağaməmmədov tərəfindən sonuncuların və qardaşları Səfiyar Ağaməmmədovun arvadları barəsində kənddə və ətrafda rüsvayedici məlumatlar yaydığına, yəni arvadlarını əxlaqsız adlandırdığına görə özünün həyat yoldaşı Nərmin Ağaməmmədovanın və həmkəndlilərinin gözü qarşısında alçaldılmaq, cəzalandırılmaq məqsədilə yumruq və təpiklərlə döyülməsinin, “VAZ-2107” markalı avtomaşının arxasına iplə boğazından bağlanaraq sürüdülməsinin əmisi Seyidağa Ağaməmmədov və sonuncunun oğlu Daşqın Ağaməmmədov tərəfindən təşkil edildiyini güman edib.

    Qisas

    O, Seyidağa Ağaməmmədov və Daşqın Ağaməmmədovdan qisas almaq məqsədilə 2016-cı ilin yanvar ayının 6-dan 7-nə keçən gecə Əhəd Salahov ilə birlikdə Akif Ağabalayevin evindən oğurladığı “TOZ-34” modelli qoşalüləli odlu ov silahını və benzinlə dolu plastmas qabları götürərək əmisi və əmisi oğlunun yaşadığı evin həyətinə gəlib.

    Əmlakların məhvi

    Mayıs Ağaməmmədov evdə heç kimin olmadığını güman edərək Daşqın Ağaməmmədovun ümumi dəyəri 28000 manat olan evini qəsdən yandırmaq məqsədilə özü ilə gətirdiyi plastmas qablardakı tez alışan mayeni - benzini evin giriş qapısına tökərək yandırıb, yanğın zamanı 150 manat dəyərində taxta qapının, 400 manat dəyərində bir ədəd yun xalçanın, 225 manat dəyərində bir ədəd yun xalçanın, 50 manat dəyərində, tül pərdənin və digər əşyaları yandırıb, zərərçəkmişlərə ümumilikdə 1155 manat dəyərində maddi ziyan vurub.

    Ev sahibinin köməyə çağırışı

    Daşqın Ağaməmmədov və ailə üzvləri evlərinin yandığını görərək səs-küy salıblar, köməyə çağırdığı və onların köməyinə gəlmiş bir həyətyanı səhədə yaşayan Yalçın Ağaməmmədov və onun arvadı Təhminə Ağaməmmədova su ilə alovu söndürərək alovun evin içərisinə keçməklə evin tamamilə yanmasının qarşısını alıblar. Yanğının qarşısı alındığı üçün Mayis Ağaməmmədovun 28000 manat dəyərində əmlakını qəsdən yandırmaqla məhv etməyə cəhd edib.

    Daha sonra Mayıs Ağaməmmədov martın 30-da, gecə saat 02.20-də Daşqın Ağaməmmədovun evinin giriş hissəsindəki yanğının qarşısının Yalçın Ağaməmmədov və onun arvadı Təhminə Ağaməmmədova tərəfindən alındığını görərək hiddətlənib. O, Yalçın Ağaməmmədovun həyətində qanunsuz hərəkətlərini davam etdirib.

    Evi atəşə tutdu

    Mayıs Ağaməmmədov odlu ov silahından Yalçın Ağaməmmədovun evinin ikinci mərtəbəsi istiqamətində 4-5 dəfə nizamsız atəş açıb, açdığı atəşlər nəticəsində evin ikinci mərtəbəsində ümumilikdə Yalçın Ağaməmmədovun 215 manat dəyərində əmlakını məhv edib.

    6 maddəli cinayət işi

    İstintaq orqanı tərəfindən Mayıs Ağaməmmədova Cinayət Məcəlləsinin 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 29,186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələməyə cəhd), 29,186.2.2-ci (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olmaqla əmlakı qəsdən məhv etmə və ya zədələməyə cəhd), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 232.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə) maddəlləri ilə ittiham elan edilib.

    “Əmisinin gəlinləri ilə görüşərək cinsi əlaqədə olub”

    Digər təqsirləndirilən Əhəd Salahov isə Cinayət Məcəlləsinin 157.1, 228.2.1 və 232.2.3-cü maddələri ilə ittiham olunub. Hər iki təqsirləndirilən şəxs barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Əhəd Salahov elan edilmiş ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, heç bir cinayət törətməyib: “2016-cı ilin təxminən yanvar ayının ortalarında Mayıs öz evində mənə bir ədəd tüfəng gətirərək, həmin tüfəngin ona pay verildiyini dedi. Bir müddət sonra, yanvarın təxminən axırlarında kənd camaatı arasında gəzən söhbətlərdən həmkəndlim Akifin evindən tüfənglərinin oğurlandığını eşitdim. Mayıs mənə bir ədəd tüfəng göstərdiyindən özüm-özlüyümdə həmin oğurluğu Mayısın etdiyini fikirləşdim. Mayısın sözlərindən mənə məlum oldu ki, Mayıs əmisi Səyyabın gəlinləri Gülnar, Ayşən və Xəyalə ilə görüşərək cinsi əlaqədə olub”.

    “Əmisinin evinə atəş açıb”

    Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 17-də həmin gəlinlərin ərləri Mayısı cəzalandırmaq üçün sonuncunu “Vaz 2107” markalı maşına bağlayaraq kənd yollarında sürütdürüblər: “Martın 30-da gecə vaxtı Mayıs qisas məqsədi ilə əmisi oğlu Daşqın Ağaməmmədovun evini yandırmağa cəhd edib, həmçinin əmisi Seyidağanın evinə tüfənglə atəşlər açıb. Hadisə ilə bağlı Mayısın evindən polis tərəfindən 3 ədəd tüfəng və içində patronlar olan patrondaş tapılaraq götürülüb. Mayıs həmin silahların və patrondaşın Akifin evindən mənimlə birlikdə oğurladığını deyib”.

    “Oğurluq təklif etdim”

    İbtidai istintaq zamanı dindirilən Əhəd Salahov bildirib ki, 2015-ci ilin dekabr ayının təxminən əvvələrində Bakı şəhərində Mayislə birlikdə olarkən, Mayis ona asan yolla pul qazanamaq barədə söhbət edib və oğurluq cinayəti törədərək pul qazanmağı ona təklif edib: “Lakin Mayısın əvvəllər oğurluq cinayəti törətməsi barədə məlumatım olmayıb. 2016-cı ilin yanvar ayının əvvəllərində Mayısla söhbət zamanı bir-birilə yenidən oğurluq cinayəti barədə danışdıq. Həmin vaxt Mayısa qonşuluqda yaşayan Akif adlı şəxsin evində çoxlu miqdarda pul olduğunu bildirdim, həmin evdən oğurluq etməyi təklif etdim. Mayıs da mənimlə razılaşdı. Bir neçə gün sonra Mayıs mənə zəng vurdu, görüşmək istədiyini bildirdi. Mayislə görüşən zaman Mayısın qardaşı Mürvət də mənim yanımda olub”.

    “Başqa yerdən getdiklərini fikirləşmişəm”

    Əhəd Salahov qeyd edib ki, yanvarın 14-də, gecə saat 01-də Mürvət və Mayıs oğurluq etmək məqsədilə Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən Akif adlı şəxsə məxsus evə tərəf gediblər: “Həmin vaxt yolun kənarında dayanmışam, kiminsə gələcəyi təqdirdə onlara xəbər vermək üçün gözləmişəm. Orada təxminən 3 saat dayanmışam. Lakin Mayıs və Mürvətin gəlmədiyini görərək öz evimə getmişəm, onların oğurluq edərək başqa yerdən getdiklərini fikirləşmişəm”.

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, növbəti gün oğurlanmış əmlakdan ona düşən payı vermələri üçün Mayısla əlaqə saxlayıb: “Mayıs evdən üç ədəd tüfəng oğurladığını, başqa hər hansısa bir əşya oğurlamadığını dedi. Mayısa tüfəng istəmədiyimi bildirdim, ondan ayrıldım. Bir neçə gün sonra onunla görüşdüm. Mayıs mənə tüfəngləri satılması üçün Bakı şəhərinə göndərdiklərini və tüfənglər satıldıqdan sonra mənə pul verəcəyini bildirdi”.

    “Mənə tüfəng pay verdi”

    Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Mayıs Ağaməmmədov bildirib ki, 2016-cı ilin təxminən fevral ayının axırlarında həmkəndlisi Əhəd Salahov ona ova getməyi təklif edib: “Mən isə ona ova getməyə tüfəngimin olmadığını bildirdim. Əhəd özündə 3 dənə tüfəng olduğunu bildirdi, birini mənə pay, ikisini isə saxlamağa verəcəyini dedi. Əhəddən tüfəngləri hardan əldə etdiyini soruşdum. Əhəd silahları gürcü vətəndaşından aldığını dedi, qardaşlarının evə içkili gəldiklərini, onda silah olmasını bilmələrini istəmədiyini söylədi. Əhəd mənə bir ədəd vinçester tipli 12 kalibrli tək lüləli tüfəng, bir ədəd sürüşkən çaxmaqlı tək lüləli ov tüfəngi, bir ədəd qoşalüləli 12 kalibrli ov tüfəngi verdi. Əhəd tək lüləli ov tüfəngini mənə pay kimi vermək istədi, vinçestr tipli tüfəngi və qoşalüləli tüfəngi isə saxlamağa verdi. Həmçinin Əhəd mənə saxlamağa bir ədəd içi patronlarla dolu olan, patrondaş da verdi. Əhəd onu da gürcü vətəndaşından aldığını bildirdi”.

    “Təxmini bildim ki, tüfəngi oğurlayıb”

    Mayıs Ağaməmmədov qeyd edib ki, bundan bir neçə gün sonra kənddə həmkəndlisi Akif Ağabalayevin evindən tüfəng oğurluğu olduğunu eşidib: “Akifin arvadı Əhədin əmisinin qızı olub. Əhədə Akifin evindən tüfəng oğurluğu olduğunu dedim, onluq olub-olmadığını soruşdum. Əhəd isə ona aidiyyəti olmadığını dedi, silahları oğurladığını söyləmədi. Lakin təxmini bildiyimə görə, Əhəd 3 ədəd tüfəngi Akifin evindən oğurlayıb”.

    “Məni maşına bağlayaraq sürüdülər”

    Mayıs Ağaməmmədov bildirib ki, Quba rayonu, 1-ci Nügədi kəndində yaşayan əmisi Seyidağanın oğlu Səyyabın oğulları Sərxan, Orxan və Səfiyarın arvadları ərlərinə xəyanət edib, yəni ərləri işə gedəndə, evdə olmayanda, onlardan xəbərsiz, başqa oğlanlarla danışıb, görüşüb və cinsi əlaqədə olublar: “Onun gəlinlərinin pozğunluqları barədə danışdığım və bu söhbəti açdığım üçün martın 17-də əmim Daşqın məni bıçaqladı, Səyyabın oğulları Orxan, Sərxan, Siyavuş və Səfiyar məni “Vaz 2107” markalı maşının arxa buferinə bağladılar və sürüdülər. Kənd camaatı yola yığıldı, kimsə təcili tibbi-yardım çağırdı və məni Quba rayon mərkəzi xəstəxanasına apardılar”.

    “Havaya atəş açdım”

    Təqsirləndirilən şəxs qeyd edib ki, xəstəxanadan evə buraxıldıqdan sonra martın 29-dan 30-a keçən gecə o, Əhədin ona saxlamaq üçün verdiyi qoşalülə ov tüfəngini və kanistrda benzini götürərək qisas almaq üçün Daşqının evinə gedib: “Kanistrdə olan benzini eyvanın ətrafına boşaltdım və üstümdə götürdüyüm kibritlə evə od vurdum. Həmin vaxt evin birinci mərtəbəsinin işıqları yandı və səs-küy gəlməyə başladı. “Ev yanır, ev yanır” deyə Yalçının səsini eşitdim, qaranlıqda səsləri gəldi, lakin onları görmədim. Dayandığım yerdən, yəni bağdan əlimdə silah olduğunu bilmələri və məni axtarmamaları üçün əlimdəki tüfənglə havaya bir neçə dəfə atəş açdım. Səs-küy olmasından istifadə edərək qonşu Pənahın həyətindən keçdim, gəldiyim yolla qaçaraq Daşqının həyət qapısından çıxdım və evimə tərəfə getdim”.

    Mayıs Ağaməmmədov qeyd edib ki, bir az sonra Quba rayon polis şöbəsinin əməkdaşları onun evinə gəlib, o, hadisə vaxtı istifadə etdiyi Əhədin ona verdiyi qoşalülə tüfəngi onlara verib: “Polislər mənə “bu silah oğurluqdur, səndə başqa silahlar da olmalıdır” dedi. Əhədin mənə verdiyi silahların və içində patronlar olan patrondaşın oğurluq olduğunu, Akif Agabalayevə məxsus olduğunu və Əhədin silahları Akifin evindən oğurladığını həmin vaxt bildim. Polis əmkdaşlarına yalandan tüfəngləri və patrondaşı Akifin evindən özümün oğurladığımı dedim. Əhədi pis vəziyyətdə qoymamaq üçün yalandan öz boynuma götürdüm. Bu hadisə ilə əlaqədar Şüvəlanda istintaq təcridxanasında həbsdə olarkən Əhədin qardaşı Rəsul Salahov mənimlə görüşdü, Əhədin törətdiyi cinayətdən yaxa qurtarması üçün cinayəti boynuma götürməyimi xahiş etdi. Bunun üçün mənə pul təklif etdi. Razılığımdan sonra Rəsul Salahov Tərlana 1800 manat pul verərək həmin pulu həyat yoldaşım Nərminə çatdırmasını tapşırdım. Tərlanın həyat yoldaşı Gülçin isə həmin 1800 manatdan həyat yoldaşım Nərminə 200 manat pul verdi”.

    “Oğurluğu tək törətmişəm”

    İbtidai istintaq zamanı dindirilmə zamanı isə Mayıs Ağaməmmədov fəqli ifadə verib. O bildirib ki, Akif Ağabalayev ilə qonşu məhəllədə yaşadığından onun evində vinçestr ov silahının və alt-üst qoşalüləli silahın olduğunu bilib: “2015-ci ilin dekabr ayının əvvəllərində Akifin evində heç kimin olmadığını, Akifin Rusiya Federasiyasına getdiyini bildiyimdən həmin silahları oğurlamaq qərarına gəldim. 2015-ci ilin dekabr ayının təxminən 7-10-u arası, saat 01-də yaşadığım evdən çıxaraq Akifin evinin qabağına getdim. Darvaza qapısının üstündən aşmaqla həyətə keçdim, həyətdən tüstü borusu vasitəsi ilə evin damına qalxdım. Damdakı nəfəsliyi açaraq içəri daxil oldum. Evə düşmək üçün evə giriş qapısını açdım. Damdakı taxtadan istifadə etməklə evə girdim. Evin ikinci mərtəbəsindəki otaqları axtarmağa başladım. Arxadan solda olan otağa daxil oldum, həmin otaqdan bir ədəd vinçestr və bir ədəd 12 kalibrli qoşalüləli ov tüfəngini götürdün, bir ədəd “TOZ-8” silahı evdə qaldı. İki ədəd silahı götürdükdən sonra evə daxil olduğum yerdən çıxaraq öz evimə getdim. Həmin silahları öz həyətimdə gizlətdim. Sonra yenidən Akifin evinə qayıtdım, eyni qaydada evə daxil oldum. Evdə qalmış “TOZ 8” silahını və ov tüfənginə məxsus patronlarla dolu olan patrondaşı götürərək evimə apardım. Oğurluq hadisəsini tək törətmişəm, bu hadisədən nə ailə üzvlərimin və nə də qeyrilərinin məlumatı olmayıb”.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mayıs Ağaməmmədov 9 il, Əhəd Salahov isə 5 il 7 ay 29 gün müddətinə azadlıqdan məhrum ediliblər.

    Hökmdən narazı qalan Əhəd Salahov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxs isə hökmdən apelyasiya şikayəti verməyib.

    Əhəd Salahovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

    Hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR