Qobustan-Poladlı yolu yenidən qurulur
Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində Qobustan-Poladlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun ümumi uzunluğu 14,5 kilometrdir. Yenidənqurma işləri çərçivəsində sözügedən yol boyu torpaq yatağının yararsız qruntu 125 min kubmetr həcmdə qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, 49 min kubmetr həcmdə çınqıl-qum qarışığından yol geyiminin hamarlayıcı layı inşa olunub.
Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca 154 min kvadratmetr sahədə yol əsasının alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 87 min kvadratmetr sahəni əhatə edir.
Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, diametri 1 metr olan 7 ədəd yeni boru quraşdırılıb. Layihə çərçivəsində çiyinlərin 58 min kvadratmetr sahədə optimal çınqıl-qum qarışığından 12 santimetr qalınlığında bərkidilməsi, həmçinin 12 ədəd giriş-çıxış yolunun təmiri işləri də aparılacaq.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün sadalanan yol boyu 72 ədəd yol nişanı və məlumatverici lövhə, 15 kilometr göstəricisi, 580 ədəd siqnal dirəkləri quraşdırılacaq, 43 kilometr uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək.
Qobustan-Poladlı yolu sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 5 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Qobustan-Poladlı avtomobil yolunun yenidən qurulması yaxın müddət ərzində yekunlaşdırılacaq.