Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin yenidən təşkili haqqında Fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə ADY “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ona qoşulması formasında yenidən təşkil edilir.
Müəyyən edilir ki, Limanın Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı ADY-yə keçir.
Nazirlər Kabinetinə normativ-hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) ADY-nin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.