Qaçqınkomun milyon yarımlıq tenderinin qalibi məlum oldu
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi ilə bağlı böyük həcmli tenderə yekun vurub.
23 iyun 2025-ci ildə elan edilən və 23 iyulda zərflərin açılışı keçirilən müsabiqənin ümumi dəyəri 1 milyon 457 min 300 manat təşkil edib. Satınalma sərnişin daşımaları xidmətlərini əhatə edir.
Azadmedia.az xəbər verir ki, müsabiqənin qalibi “166 GLOBAL LOGISTICS” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkət təklifini 1 milyon 348 min 704 manat 60 qəpik məbləğində təqdim edərək tenderdə üstünlük qazanıb.
Rəsmi sənədlərə görə, şirkət 2016-cı ildən fəaliyyət göstərir, ünvanı Bakı şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov küçəsidir. Hüquqi şəxsin qanuni təmsilçisi isə İrina Səmədova Olegovnadır.
Qeyd edək ki, “166 GLOBAL LOGISTICS” MMC riskli vergi ödəyicisi deyil, ƏDV qeydiyyatındadır və hazırda aktiv fəaliyyətdədir. Şirkətə qarşı tətbiq olunmuş yeganə maliyyə sanksiyası 2020-ci ildə vergi hesabatının vaxtında təqdim edilməməsinə görə 40 manat cərimə olub.
Məcburi köçkünlərin doğma torpaqlara qayıdışı ilə bağlı milyon yarımlıq tenderin icrası bu şirkətə həvalə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.